“Müxalifətin mitinq keçirməsi başa düşülən deyil” RƏY - ÖZƏL

"Ölkəmizdə keçirilən parlament seçkiləri Azərbaycan xalqının iradəsini ifadə edir". Bunu SİA-ya açıqlamasında millət vəkili, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı deyib.

Onun sözlərinə görə, azad, ədalətli, şəffaf və demokratik seçkilər üçün Azərbaycanda mövcud qanunvericilik bazası var: "Bu baza beynəlxalq standartlara cavab verir. Keçirilən seçkilər ilk növbədə həmin qanunvericilik bazası əsasında olub. Namizədlərin qeydə alınması prosesi normal keçib. Təbliğat-təşviqat kampaniyası zamanı namizədlər imkanları çərçivəsində öz işlərini görüblər. Bütün namizədlərə bərabər imkanlar yaradılıb. Səsvermə günü seçicinin öz iradəsini azad, sərbəst və demokratik şəkildə ifadə etməsindən ötrü bütün şərait yaradılıb. Seçkinin MSK tərəfindən elan edilən nəticələri ABŞ və Fransa şirkətləri tərəfindən keçirilən exit-polun nəticələri ilə təqribən üst-üstə düşüb. MSK kobud qüsurların olduğu dairələrin nəticələrini ləğv edib, digər müraciətlər isə araşdırmaqdan ötrü DSK-lara göndərilib. Bütün bunların hamısı qanuna müvafiq olaraq həyata keçirilib. Seçkilər bir mübarizədir, bir qayda olaraq qalib gəlməyənlər narazı olurlar. Belə bir şəraitdə müxalifətin mitinq keçirməsi başa düşülən deyil. Hesab edirəm ki, seçim dövrü artıq arxada qalıb, bundan sonra keçim dövrü başlayır. Biz əl-ələ verib ölkəmizin inkişafı üçün çalışmalıyıq. Xaricidə bəzi anti-Azərbaycan qüvvələr ölkəmizdə qarşılığın olmasında maraqlıdırlar və istəyirlər ki, Azərbaycan xaos və anarxiya dövrünə qədəm qoysun. Amma bizim heç birimiz ölkəmizin 90-cı ilin əvvəllərinin vəziyyətinə gəlib çıxmasına imkan verməməliyik. Ona görə də belə mitinqlərin keçirilməsini məqbul hesab etmirəm. Mitinq keçirmək istəyənlər Bakı Şəhəri İcra Hakimiyyətinin müəyyənləşdirdiyi yerdə keçirə bilərlər. Bunun özü də Azərbaycanda demokratiyanın göstəricilərindən biridir".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə