Bəhruz Quliyev: "Siyasi mübarizə şəxsi mübarizə predmetinə çevrilməməlidir" - AÇIQLAMA

“Azərbaycanda keçirilən Parlament seçkiləri həqiqətən də xalqın iradəsini ifadə edib”. Bunu SİA-ya açıqlamasında “SƏS" Media Qrupun rəhbəri, siyasi şərhçi Bəhruz Quliyev deyib.

B.Quliyev bildirib ki, həm aparılan sənədləşmə, həm təşviqat və eyni zamanda seçki prosesinin özü kifayət qədər demokratik dəyərlərə əsaslanmış, dünya standartlarına cavab verən seçki keçirildiyini göstərib: “Eyni zamanda, bu mexanizmi həyata keçirən qurumun kifayət qədər şəffaf fəaliyyətini diqqətə çatdırıb. Bu tək bizim yox, bütün beynəlxalq təşkilatların, hətta bütün dünyada keçirilən seçkiləri, siyasi prosesləri tənqid edən ATƏT-in Parlament Assambleyası da seçkilərin neqativ tərəfləri ilə bağlı öz tövsiyyələrini versə də, rəyinin əsas hissəsi pozitiv elementlərə söykənib. Beynəlxalq təşkilatlarda və digər dövlətlərin parlamentlərindən gələn müşahidə missiyaları da sözün əsl mənasında Azərbaycanda keçirilən seçkilərin tam şəkildə xalqın marağını ifadə etdiyini öz rəylərində göstərərək dilə gətiriblər”.

Siyasi şərhçi qeyd edib ki, sözsüz bütün dünyada keçirilən seçkilərdə neqativ hallar olur: “Heç bir ölkədə kamil, ideal seçki yoxdur. Çünki orada insan faktoru var. Harada ki, aparılan iş insan amilinə söykənir orada hər hansı çatışmazlıq, neqativ hal, texniki problem olmalıdır. Ona görə ki, seçilən də, seçən də, seçki prosesini keçirən də insandır və insanların hər biri eyni səviyyədə savadlı, öz hüquqlarını və seçki hüquqlarını bilən deyil. Məhz bütün bunlara görə də, bəzi məqamlarda texniki qüsurların yaranması qaçılmazdır. Həmin qüsurlar əgər seçkinin mahiyyətinə, ümumi ruhuna və seçkinin nəticələrinə əngəl törətmirsə, bu cür qüsurların olması problem təşkil etmir. Həyata keçirilən parlament seçkilərində seçkinin ümumi nəticələrinə nəzər saldıqda seçkinin keçirilməməsi, seçkinin uğursuz olması anlayışı yoxdur. Kifayət qədər mükəmməl seçki keçirilib, qüsurlara gəldikdə isə bu qüsurlar Cənab Prezident səviyyəsində dilə gətirilib və qeyd olunub ki, bu qüsurlarla bağlı araşdırmalar aparılmalıdır. Mərkəzi Seçki Komissiyasının da məhz missiyalarından biri də qüsurları araşdırmaq, qüsurların aradan qaldırılması və günakarların qanunvericiliyə əsasən cəzalandırılmasından ibarətdir”.

B.Quliyev vurğulayıb ki, bu gün 4 dairə ləğv olunub, sabah bunların sayı arta da bilər: “Lakin bu o demək deyil ki, seçkinin ümumi nəticələri ləğv olunmalıdır. Dairələrin nəticələrinin ləğv olması demokratiyanın göstəricisidir. Deməli sözün əsl mənasında daxil olan şikayətlər araşdırılır və həmin şikayətlər nəzdində sözügedən məntəqədə qanun pozuntusu olubsa, lazımı addımlar atılır. Bu demokratiyaya doğru atılmış növbəti addımdır. Bütün bu hallar nümunəvi hallardır, yalnız və yalnız təqdir olunmalıdır. Namizədlər öz işlərini qurarkən, təbliğat-təşviqatlarını apararkən artıq onlar qalib və ya məğlub ola biləcəkləri barədə ilkin təəsüratları var idi. Bu da özlüyündə qeyri-adi bir hadisə deyil. Bu siyasi mübarizədir və siyasi mübarizədə tərəflər bir-birinin əlini sıxmağı bacarmalıdırlar. Siyasi mübarizə məişət mübarizəsinə, şəxsi mübarizə predmetinə çevrilməməlidir. Lakin bəzi sifariş yerinə yetirən qruplaşmalar əvvəlcədən də bütün seçkidən sonra hansı addımları atacaqlarını planlayıblar. Bu nə xalqın, nə namizədin, nə də namizədin tərəfdarlarının fikridir. Bütün bunlar xaricdən gələn sifarişləri yerinə yetirən missionerlərin fikridir. Bu addımlar Azərbaycan xalqının iradəsinə zidd addımlardır və xalq heç bir zaman siyasi müstəvini digər müstəvilərə çevirib manipulyasiya edərək dövlətin və xalqın əleyhinə istifadə etmək istəyən qüvvələrə icazə verməyəcək”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə