"Rusiyaya bel bağlamaqla siyasət yürütmək olmaz" AÇIQLAMA

"Rusiyanın Türkiyəyə qarşı münasibəti onu göstərdi ki, Rusiyaya bel bağlamaqla siyasət yürütmək olmaz". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Qabil Hüseynli hazırkı Rusiya və Türkiyə münasibətlərini dəyərləndirərkən deyib.

O bildirib ki, Rusiyanı hiddətləndirən əsas məqamlardan birə də Türkiyənin NATO-ya müraciət edərək onlardan kömək istəməsidir: "Türkiyənin NATO-ya müraciət edərək hazırki proseslərlə bağlı kömək istəməsi Rusiyanı qəzəbləndirən amillərdən biridir. Lakin hazırki münasibətlər onu göstərir ki, Türkiyə NATO-dan möhkəm sarılmalıdır".

Politoloq bir müddət əvvəl NATO və Türkiyə münasibətlərinin gərginləşməsi prosesinə də açıqlıq gətirib. O vurğulayıb ki, istənilən halda Türkiyənin NATO-nun üzvlüyündən çıxması mümkün deyil: "Bu məsələ həmin vaxt üçün də mümkün deyildi, indi üçün də deyil. Hələ indiki şəraitdə isə heç mümkün deyil. Türkiyənin yeganə nicat yolu NATO-dur. Bu özünü hərtərəfli göstərir. Rusiyanın Türkiyəyə qarşı münasibəti də onu göstərdi ki, Rusiyaya bel bağlamaqla siyasət yürütmək olmaz. Ona görə də Türkiyə indi NATO-dan iki əlli yapışır".

Qabil Hüseynli vaxtlilə Türkiyə və NATO münasibətlərinin korlanması amillərinə də açıqlıq gətirib: "Türkiyə öz xarici siyasətində Rusiya ilə yaxınlıq edirdi, eyni zamanda Suriyada Rusiya ilə birgə hərbi əməliyyatlar aparırdi və Amerika Birləşmiş Ştatlarının regionda atdığı bəzi addımlarına qarşı çıxış edirdi. Lakin düşünürəm ki, NATO kifayət qədər dözümlülük göstərdi. Türkiyə bundan sonra görünür siyasi kursuna yenidən baxmalı olacaq. Bunu Milliyyətçi Hərəkat Partiyasının sədri lideri Dövlət Baxçalı da tələb edir".

Qeyd edək ki, hazırda Suriyada baş verən proseslərlə bağlı Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu və Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrovun bazar günü Almaniyanın Münhen şəhərindədə baş tutacaq konfrans çərçivəsində görüşəcəkləri bildirilib.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə