Dövlət Baytarlıq Xidmətinin rəisi fermerlərə müraciət etdi

Dövlət Baytarlıq Xidmətinin rəisi fermerlərə müraciət etdi
"Bir müddət öncə Hacıqabul rayonunda çoxlu heyvanın tələf olmasını müşahidə etdik və dərhal ora mütəxəssislərimizi göndərdik. Müəyyən yoxlamalardan sonra aşkar edildi ki, həmin fermer təsərrüfatı heç bir qeydiyyata alınmayıb". SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) rəisi Siyalə Rüstəmova məlumat verib. O bildirib ki, hazırda ilin əvvəli olduğuna görə bütün fermer təsərrüfatlarında yem qıtlığı müşahidə olunur. Onun sözlərinə görə, Hacıqabul rayonunda da həmin heyvanların bədənində immunitet zəiflədiyi üçün onlarda hər bir infeksiya müşahidə edilirdi. Heyvanın bədənində immunitet olmadığına görə hər bir infeksiyanı tez bədəninə götürdüyünü deyən xidmət rəisi vurğulayıb ki, bir sözlə, fermerlər öz təsərrüfat sahələrini baytarlıq xidməti tərəfindən nəzarətsiz qoymuşdular.

"Hər bir fermer təsərrüfatı ilk öncə qeydiyyata düşməlidir. Baytarlıq xidmətinin bir həkimi müqavilə əsasında həmin əraziyə təhkim olunur və bütün tədbirlər planı onun nəzarəti altında həyata keçirilir. Belə hallar olmasın deyə, bir daha fermerlərə müraciət edirəm ki, bütün fermer təsərrüfatları öz rayonlarında qeydiyyata düşsünlər və həmin həmin rayonda fəaliyyət göstərən baytarlıq xidmətinə müraciət etsinlər. Baytar həkimi onlarla mütəmadi olaraq əlaqə saxlayacaq və bütün tədbirlər planı onun nəzarəti altında həyata keçiriləcək", - deyə o əlavə edib.

S.Rüstəmova məhsulların radiasiya təhlükəsi ilə üzləşməsi məsələsinə də münasibət bildirib. O qeyd edib ki, respublika baytarlıq laboratoriyasının radiologiya şöbəsi bu istiqamətdə öz işlərini görür: "Respublikaya idxal olunan bütün məhsullar həmin şöbədə müayinədən keçirilir. Hansı məhsullun olmasından asılı olmayaraq onların hamısı bu müayinələrə cəlb olunur".

Bütün xəbərlər Facebook səhifəmizdə