Oyuncaq qurumun "keçmiş naziri": "Dağlıq Qarabağa ayrılan maliyyə yardımları mənimsənilir"
"Dövlət məmurları Dağlıq Qarabağa ayrılan maliyyə yardımları və humanitar vəsaitləri mənimsəyirlər". SİA-nın xəbərinə görə, bu sözləri Ermənistanın işğal etdiyi Dağlıq Qarabağda yaradılmış oyuncaq qurumun "keçmiş xarici işlər naziri" Arman Melikyan deyib: "Yazıq Qarabağ erməniləri üçün ayrılan maddi yardımları hakim strukturda əyləşən məmurlar onların rifah halı üçün sərf etmək əvəzinə öz ciblərinə qoyurlar. Söhbət tək Ermənistandakı məmurlardan getmir".
Keçmiş "nazir" dediklərini sübut etmək üçün faktlar ortaya qoyub: "Dağlıq Qarabağın Kasax kəndində keçmiş həbsxananın binasında yaşayan 50 erməni ailəsi üçün yaşayış binasının tikintisi üçün Yaponiya hökuməti tərəfindən 760 min dollar pul ayırılıb. Belə ki, layihə əsasında 50 ailə üçün 2 yaşayış binası tikilməli idi. Düzünü desəm, yaponlar pulları veriblər, o pullar isə kiminsə cibinə gedib. Bunlar bir deyil, iki deyil. Açınacaqlı odur ki, binanın təntənəli açılış mərasimi keçirilib və mərasimə dəvət alanların içərisində BMT-nin Qaçqınlarla İş üzrə Ali Komissarı idarəsinin Yerevandakı ofisinin nümayəndəsi Buşra Alepota, Ermənistanın ərazi naziri Armen Gevorkyan, Ermənistan Dövlət Miqrasiya Xidmətinin rəisi Qagik Yeganyan da olub. Lakin bir müddət sonra bina qəzalı vəziyyətə düşüb və orada yaşayan erməniləri yenidən çıxarıb aparıblar həbsxana binasına".
O, eyni zamanda bu biabırçılıqda BMT-nin Qaçqınlarla İş üzrə Ali Komissarı idarəsinin Yerevandakı ofisinin nümayəndəsi Buşra Alepotanında adını hallandırıb: "Pulları oğurlayanlar arasında bir sıra beynəlxalq təşkilatların nümayəndələri, o cümlədən BMT-nin Ermənistandakı nümayəndəliyi də var. Lakin bildiyiniz kimi Alepota Ermənistan vətəndaşı deyil, diplomatik toxunulmazlığa malikdir və ölkəni də artıq tərk edib. Halbuki, ayrılan vəsaitin mənimsənilməsində o, birbaşa iştirak etdiyi üçün Ermənistan hökuməti BMT-yə müraciət edə bilərdi. Amma etmədi. Bilirsiniz niyə? Çünki mənimsənmə maxinasiyasında Buşra Alepotadan başqa BMT-nin Yerevandakı ofisində çalışan Ermənistan vətəndaşları da iştirak ediblər. Eyni zamanda mən vəzifədə olduğum zaman qarabağlı ermənilərini Ermənistanda məcburi olaraq və onların istəyi olmadan Ermənistan vətəndaşlığını qəbul etməyə vadar edirdilər. Həmin şəxslər qeydiyyat üçün sənədi verib, geri alandan görürdülər ki, artıq Ermənistan vətəndaşlarıdır. İmtina etməyə də yer qalmır. Həmin insanları elə ağır şərtlər qarşısında qoyurlar ki, bədbəxtlər imtina edə bilmirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB