Hikmət Babaoğlunun Gürcüstanın nüfuzlu «Mədəniyyətlərarası əlaqələr» jurnalında məqaləsi dərc olunub

Hikmət Babaoğlunun Gürcüstanın nüfuzlu «Mədəniyyətlərarası əlaqələr» jurnalında məqaləsi dərc olunub
"İnsan həyatının bütün sferaları kimi, beynəlxalq münasibətlər də qloballaşmanın güclü təsirinə məruz qalır. Bu o deməkdir ki, beynəlxalq münasibətlərin qloballaşması prosesi gedir". Bu fikirlər "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Hikmət Babaoğlunun Gürcüstanın nüfuzlu "Mədəniyyətlərarası əlaqələr" jurnalında dərc edilmiş "Qloballaşma və müasir beynəlxalq münasibətlər" məqaləsində yer alıb.
SİA-nın məlumatına görə, müəllif məqalədə dünya siyasəti və beynəlxalq münasibətlər sisteminin formalaşması və bu prosesdə Azərbaycan Respublikasının rolu ilə bağlı bir sıra problemlərə toxunub. Məqalədə vurğulanır ki, beynəlxalq münasibətlər sisteminin strukturundakı dəyişikliklərə ilk növbədə, dövlətlərarası siyasi münasibətlərin, toqquşan milli maraqların, dünyada iqtisadi, hərbi-siyasi, sosio-mədəni, ideoloji və digər sahələrdə nizamın qurulması təsir edir.
Eyni zamanda, müəllif qloballaşmanı yalnız iqtisadi amillərlə bağlayanları tənqid edib: "Bəzi hallarda qloballaşma prosesi iqtisadiyyatın beynəlmiləlləşməsi kimi qəbul edilir. Amma qeyd etmək lazımdır ki, qloballaşma prosesi dövlət, milli, etnik, dini, siyasi-hərbi, ideoloji və digər istiqamətli qarşıdurmalara aparıb çıxarır. Bu cür qarşıdurmalar nəinki bu prosesin ləngiməsinə, hətta, münaqişələrin meydana çıxmasına səbəb olur".

Bütün xəbərlər Facebook səhifəmizdə