NATO və Rusiya generallarının növbəti görüşü bu faktı bir daha təsdiq edir
Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi-Müdafiə nazirinin birinci müavini Valeri Gerasimovun və NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı Tod Voltersin rəhbərlik etdikləri nümayəndə heyətlərini qəbul edib. Ölkəmizin başçısı artıq ənənəyə çevrilmiş Bakı görüşərini yüksək qiymətləndirərək vurğulayıb ki, bu həm də Azərbaycan Rusiya və ABŞ-ın ölkəmizə göstərdikləri böyük etimadın bariz göstəricisidir.

Prezident İlham Əliyev: "Bu mütəmadi görüşlər, əminəm ki, çox mühüm məsələlərin müzakirəsi dünyada və regionda sabitliyə yardımçı olacaq"
Beləliklə, buradan həm də belə bir nəticə çıxarmaq olar ki, həqiqətən də uğurlu ənənəyə çevrilmiş bu görüşlər Bakının regional siyasi və iqtisadi mərkəzdən beynəlxalq mərkəzə çevrildiyini sübut edir.
Prezident İlham Əliyev vurğulayıb ki, Bakının seçilməsi o deməkdir ki, bizim həqiqətən də çox güclü tərəfdaşlığımız var. Məhz bu baxımdan O, əminliklə deyib ki, görüş çox səmərəli olacaq, dünyada və regionumuzda sülh və sabitliyə xidmət edəcək. "Əslində, bizim də məhz buna ehtiyacımız var. Çünki ölkəmiz üçün əsas narahatlıq doğuran regional sabitlikdir. Bizdə potensial risklərin daxili mənbələri mövcud deyil", bildirən Azərbaycan Prezidenti xüsusilə vurğulayıb ki, baş verə biləcək potensial risklər sərhədlərimizdən kənarda yarana bilər: "Əlbəttə, bu mütəmadi görüşlər, əminəm ki, çox mühüm məsələlərin müzakirəsi dünyada və regionda sabitliyə yardımçı olacaq".
Bakı güc mərkəzi olaraq, geosiyasi baxışlarını uğurla tənzimləyir və bu tənzimlənmə siyasəti həmin görüşlərin təşkil olunmasına münbit şərait yaradır
Söz yox ki, dünya güclərinin Bakını görüş məkanı olaraq seçmələri ilk növbədə Azərbaycanın dünyanın qlobal məsələlərində öncül yerlərdən birini tutmasıdır ki, bununla yanaşı, ölkəmizdə mövcud olan sabitlik və təhlükəsizlik amili də qeyd edilənlərin tərkib hissəsi olaraq nəzərə alınır. Həmçinin, rəsmi Bakının dünyadakı mövqeyi baxımından balanslı siyasət aparması da fövqəlgüclərin məhz Azərbaycanın paytaxtını seçmələrinə zəmin yaratmaqdadır. Ümumi götürdükdə isə, Bakı həm də regional güc mərkəzi olaraq, geosiyasi baxışlarını uğurla tənzimləyir və bu tənzimlənmə siyasəti əlbəttə ki, belə görüşlərin təşkil olunmasına münbit şərait yaradır.
Bir çox siyasi təhlilçilər öz şərhlərində bildirirlər ki, Rusiya, ABŞ və NATO komandanlarının Bakı görüşləri mövcud olan bir sıra problemlərin həlli baxımından ən mötəbər qərar hesab olunur. Yəni, rəsmi Bakının fövqəlgücləri bir araya gətirmək təşəbbüslərində yer alması, dialoq məkanı kimi qiymətləndirilməsi Azərbaycanın regionda güvəniləsi bir ölkə olduğunu isbat edir. Belə olan halda, Qarabağ münaqişəsi kimi problemin ədalətli həllində beynəlxalq dəstəyin qazanılması daha çox mümkün görünməkdədir. Daha dəqiq desək, ölkəmizin müsbət mənada dünyanın diqqət mərkəzinə çevrilməsi Qarabağ məsələsinin ərazi bütövlüyümüz çərçivəsində həll olunması faktoruna təkan verməkdədir.
Valeri Gerasimov: "Hərbi-texniki əməkdaşlıq və silahlı qüvvələrimiz arasında digər tədbirlər genişlənir"
O da əbəs deyil ki, Rusiya generalı ölkə başçımızla görüşündə Azərbaycanın beynəlxalq terrorla mübarizədə daim öndə olduğunu vurğulamaqla yanaşı, həm də bildirib ki, bütün bunların fonunda Rusiya və Azərbaycan münasibətləri sevindiricidir: "Belə ki, bizim ortaq tariximiz və Sizin söylədiyiniz iqtisadi inkişafla bağlı həmin layihələrin fonunda mehriban qonşuluq münasibətlərimiz, hərbi qurumlarımız arasında qarşılıqlı fəaliyyət, xüsusən hərbi-texniki əməkdaşlıq və silahlı qüvvələrimiz arasında digər tədbirlər genişlənir. Çox yaxşıdır ki, bir növ biz hamımız, ordularımız bir ordunun - sovet ordusunun yetirməsidir. Hərbi sahədə münasibətlərimizin yaxınlaşması üçün gələcəkdə də hər şeyi edəcəyik".
Bu amil də deməyə əsas verir ki, Azərbaycan regionun ən sabit ölkəsi kimi, daim maraq dairəsindədir və bu maraq dairəsi belə bir müsbət nəticələrə gətirib çıxıarır.
Rusiyalı hərbi ekspert və politoloq İqor Korotçenko: "Bu kimi görüşlər Bakıda gələcəkdə də davam edəcək"
Məsələn, Rusiyanın tanınmış hərbi eksperti və politoloqu İqor Korotçenko Bakıda baş tutan NATO-Rusiya görüşlərini qiymətləndirərkən deyib ki, Azərbaycanın beynəlxalq nüfuzu nəzərə alınmaqla, Bakı danışıqlar üçün əlverişli meydançadır. "Azərbaycanın güclü silahlı qüvvələrinin olması da burada rol oynayır", deyə o bildirib.
Rusiyalı hərbi ekspertn sözlərinə görə, Rusiya və NATO hərbi rəhbərliyinin Bakıda görüşməsinin əsas səbəbi Azərbaycanın beynəlxalq nüfuzunun olduqca yüksək olmasıdır.
Rusiyalı hərbi ekspert Viktor Litovkin: "Bu cür görüşlərin keçirilməsi Bakının haqqıdır. Həm də Rusiya və NATO generalları üçün Bakıda işləmək rahatdır"
Digər rusiyalı hərbi ekspert Viktor Litovkin də bildirib ki, Rusiya və NATO generallarının Bakıdakı görüşləri ilk dəfə deyil və bu kimi görüşlər gələcəkdə də davam edəcək. O, eyni zamanda Azərbaycan paytaxtının qonaqpərvər şəhər olmasını göstərib: "Belə yüksək səviyyədə danışıqlar aparmaq üçün Bakıda hər cür şərait var. Ona görə də, hesab edirəm ki, bu cür görüşlərin keçirilməsi Bakının haqqıdır. Həm də Rusiya və NATO generalları üçün Bakıda işləmək rahatdır"
Tod Volters: "Biz xalqınızı və ordunuzu bütün etdiklərinizə görə təqdir edirik"
Söz yox ki, Azərbaycanın ABŞ və NATO ilə münasibətləri, xüsusilə terrorla mübarizədəki dəstəyi yüksək qiymətləndirilir və əlbəttə burada əsas olaraq, Əfqanıstanda "Qətiyyətli dəstək" missiyasına verilən dəstək əhəmiyyət daşıyır. Bu baxımdan, NATO generalı bildirib ki, Azərbaycan əsgərlərinin bu kimi mühüm işlərdəki fəaliyyətləri kifayət qədər yüksəkdir. "Biz xalqınızı və ordunuzu bütün etdiklərinizə görə təqdir edirik. Bu, Əfqanıstan sərhədlərinin xaricindən terror dəstələrinin ölkəyə daxil olmasının qarşısını almaqda bizim səylərimizə çox böyük təsir göstərir. Hesab edirəm ki, missiya yaxşı fəaliyyət göstərməyə davam edir və Sizin əsgərləriniz bu missiyanın böyük bir tərkib hissəsidir", deyə qeyd edən Volters Azərbaycanın ümumiyyətlə dünyadakı yüksək mövqeyinin olduğunu təsdiqləyib.
Beləliklə, bir daha əminliklə qənaətə gələ bilərik ki, Azərbaycan, onun paytaxtı Bakı beynəlxalq dialoq məkanı olaraq, bütün dünyada yüksək etimadlar qazanır, o cümlədən, təşəbbüskar mərkəzə çevrilir. Bu amil isə ölkəmizin dünya miqyasındakı artan nüfuzuna daha böyük stimullar verməklə, etibarlı tərəfdaş və söz sahibi statusunu möhkəmləndirir.
RƏFİQƏ HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB