Dünya azərbaycanlılarının III qurultayı iyulun 5-də Bakıda keçiriləcək
Azərbaycan prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" 2011-ci il 21 yanvar tarixli sərəncamına uyğun olaraq Dünya azərbaycanlılarının III qurultayının 2011-ci il iyulun 5-də Bakıda keçirilməsi planlaşdırılır.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, qurultayda dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələri, xarici ölkələrdə yaşayan azərbaycanlı elm adamları, ictimai və mədəniyyət xadimləri, iş adamları iştirak edəcək. Bundan başqa, milliyətcə azərbaycanlı olmayan, lakin Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işinə daim dəstək verən tanınmış alim və ziyalılar, dövlət rəsmiləri, siyasi partiyaların təmsilçiləri, parlament üzvlərinin də Qurultaya qonaq qismində dəvət olunması planlaşdırılır.
Dünya azərbaycanlılarının II qurultayından keçən dövr ərzində görülmüş işlərin müzakirə olunacağı toplantıda, həmçinin müasir dövrdə Azərbaycan diasporunun qarşısında duran vəzifələr, gələcək fəaliyyət perspektivləri ilə bağlı fikir mübadiləsi aparılacaq.
Diasporla İş üzrə Dövlət Komitəsində Dünya azərbaycanlılarının III qurultayının təşkili ilə bağlı Tədbirlər planı hazırlanıb və İşçi qrup yaradılıb. Hazırda Qurultaya dəvət olunan nümayəndə və qonaqların siyahısı dəqiqləşdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB