YAP-ın icra katibi: “Azərbaycan gənclərinin beyni müxtəlif qüvvələr tərəfindən zəhərlənir, onlar aksiyalara cəlb olunur”

YAP-ın icra katibi: “Azərbaycan gənclərinin beyni müxtəlif qüvvələr tərəfindən zəhərlənir, onlar aksiyalara cəlb olunur”

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) rəhbərliyi ilə partiyanın gənc üzvləri arasında görüş keçirilib. SİA-nın məlumatına görə, partiyanın Nizami rayon təşkilatının qərargahında keçirilən görüşdə YAP sədrinin müavini, partiyanın icra katibi Əli Əhmədov, icra katibinin müavini Mübariz Qurbanlı, YAP-ın Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva və YAP Gənclər Birliyinin sədri Seymur Orucov iştirak ediblər.

 

Partiyanın 500 min üzvünün olduğunu diqqətə çatdıran Ə. Əhmədov bildirib ki, üzvlərin 40 faizinin gənclərdən ibarətdir. Bəzi qüvvələrin məqsədlərinə çatmaq üçün gənclərdən bir vasitə kimi istifadə etdiklərini deyən YAP-ın sədr müavini bəzi hallarda Azərbaycan gənclərinin beyninin müxtəlif qüvvələr tərəfindən zəhərləndiyini, onların razılaşdırılmamış aksiyalara cəlb olunduğunu vurğulayıb: "Biz əlbəttə ki, bunu istəmirik. Aprelin 2-nə nəzərdə tutulan aksiya da bu qəbildəndir. Bu aksiyaya da gəncləri cəlb etmək niyyətindədirlər".

 

Ə. Əhmədov gənc YAP-çılara digər gənclərlə də iş aparmağı tövsiyə edib. O, qeyd edib ki, həmin çirkin niyyətlərə alət olmaması üçün gənclər tələbə dostları və digər gənclərlə iş aparmalıdır. Bundan əvvəlki aksiyalara qoşulan gənclərin çoxunun təsadüfən iştirak etdiklərini və yaxud aksiya keçirənlərin əsl niyyətini bilmədiklərini söyləyən Ə.Əhmədov deyib ki, bu səbəbdən də onları bu yoldan döndərmək mümkündür.

 

Görüş daha sonra mətbuatın iştirakı olmadan davam etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə