"Avropa Şurasının anti-Azərbaycan mövqeyi sifarişlidir” ÖZƏL - ŞƏRH
"Uzun illərdir ki, ölkəmizdə əsaslı islahatlar aparılır, müsbət dəyişikliklər baş verir. Bu uğurları görməmək, həqiqətlər yox, yalanlar üzərində qurulan qərəzli hesabatlar hazırlamaq Avropa Şurasına yaxşı heç nə vəd etmir. Belə qənaətə gəlirik ki, Avropa Şurası boğazdan yuxarı ədalətdən, demokratiyadan, insan hüquqlarından və s. danışan bir quruma çevrilib". Bunu SİA-ya millət vəkili Elman Məmmədov deyib.
"Biz görürük ki, Avropa Şurası bir sıra qüvvələrin əlində muzdlu, oyuncaq quruma çevrilib və sifarişlər yerinə yetirir. Həmin qurum Ermənistan kimi işğalçı, terrorçu dövləti müdafiə edir, amma Azərbaycan kimi işğala, soyqırımlara məruz qalmış tolerant, yüksək mədəniyyətli dövlətə qarşı şər-böhtan kampaniyaları aparır. Belə olan halda biz fikirləşməliyik ki, məgər bizə lazımdırmı bundan sonra da Avropa Şurası və ona bənzər qurumlarda üzvlüyümüzü davam etdirək? İndi baxın, Avropa Şurasının bu illər ərzində Azərbaycana qarşı başlatdığı şər-böhtan, qərəzli kampaniyalara nəzər salsaq nə görəcəyik? Azərbaycanda nə vaxt ki, bir siyasi kampaniya, hansısa bir inkişaf istiqamətində proseslər başlayırsa, layihələrin imzalanması məqamları olursa, o zaman Avropa Şurasının böhtan maşını işə düşür və Azərbaycanı sıxışdırmağa başlayır, təzyiqlər göstərir, qərəzli hesabatlar dərc edir.
Bu gün Azərbaycan parlament seçkiləri ərəfəsindədir. Avropa Şurası yenə də özünün o çirkin əməlləri ilə məşğuldur. Onlar “siyasi məhbus”dan danışırlar. Mən hesab edirəm ki, onlar “siyasi məhbus”dan, demokratiyanın pozulmasından, insan hüquqlarının pozulmasından danışırsa, o zaman Avropanın aparıcı dövlətlərinə baxsın. Onlar Fransada baş verən hadisələrə, insanların başına açılan oyunlara diqqət yetirsinlər. Avropanın ən inkişaf etmiş dövlətlərində islam mədəniyyətinə, islam dininə qarşı, müsəlmanlara qarşı törədilən qeyri-qanuni haqsız, ədalətsiz, demokratiyaya zidd, insan hüquqlarına zidd hərəkətlərə baxsın. İnsanların başına polislər tərəfindən açılan oyunlara baxsın, insanların üstünə buraxdıqları itlər, atların ayaqları altında tapdalanmasına baxsın və s. Düz 30 ilə yaxındır ki, bizim hüquqlarımız işğalçı dövlət olan Ermənistan tərəfindən pozulub. Avropa Şurası nəyə görə özünün üzvü olan işğalçı Ermənistana qarşı bu günə qədər sanksiya qəbul etməyib və sərt bəyanat verməyib. Hesab edirəm ki, Avropa Şurasının Azərbaycana qarşı olan mövqeyi haqsızdır, ədalətsizdir, qərəzlidir və Azərbaycanı istəməyən qüvvələr tərəfindən sifarişlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB