Hərbçi ekspert: “Türkiyə ilə imzalanmış strateji tərəfdaşlıq müqaviləsi Azərbaycanın NATO-ya yolunu açacaq” - RƏY

Hərbçi ekspert: “Türkiyə ilə imzalanmış strateji tərəfdaşlıq müqaviləsi Azərbaycanın NATO-ya yolunu açacaq” - RƏY

Ermənistandakı Rusiya hərbi bazasının dislokasiya müddətinin 2044-cü ilədək uzadılmasına dair saziş Azərbaycan və Türkiyə arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilənin bəyənilməsinə dair qanunun ratifikasiya edilməsinə gətirib çıxardı. Hərbçi ekspert, istefada olan polkovnik İldırım Məmmədov SİA-ya açıqlamsında deyib ki, Azərbaycanla Türkiyənin münasibətlərində zaman-zaman problemlər yaşandığı hər kəsə məlumdur, bu problemlərin əsas qaynağı Türkiyənin Qərbin təzyiqi ilə Ermənistanla yaxınlaşma siyasəti yürütməyə məcbur edilməsidir. O, qeyd edib ki, indi isə əvvəlki dövrdən fərqli olaraq Türkiyənin əlində yeni bir arqumenti var - bu, Azərbaycanla imzalanmış strateji tərəfdaşlıq müqaviləsidir. Rəsmiləşdirilmiş strateji müttəfiqlik maraqların qarşılıqlı qorunması deməkdir və bu baxımdan Türkiyə Ermənistanla sərhədlərin açılmasının artıq rəsmi müttəfiq Azərbaycanın maraqlarına zidd olduğunu bəyan etməklə təzyiqləri nisbətən neytrallaşdırmış olacaq.

 

Ekspert hesab edir ki, qanun, eyni zamanda Azərbaycanın NATO-ya çıxış yolunu açacaq və quruma üzv olan ölkələrlə münasibət yaratmaq imkanı verəcək: "Danılmaz bir faktdır ki, Azərbaycan regionda yeganə dövlətdir ki, həm hərbi, həm də siyasi cəhətdən öndə gedir. Bu zəmində rəsmi Ankara Azərbaycan adından NATO-da çıxış edə biləcək. Türkiyə üçün isə bu müsbət bir irəliləyişdir. Çünki Türkiyə bütün beynəlxalq qurumlarda Azərbaycanın tərəfini saxladığı üçün bu hərbi təşkilatda da tərəfini saxlayacaq. Artıq bir səs deyil, iki səs müzakirələr zamanı özünü biruzə verəcək. İkinci məqam isə ordu sferasında: Daxili Qoşun, Sərhəd Qoşunu, Fövqəladə Hallar qoşunlarında inkişaf var. Bütün bu inkişaf ölkədaxili potensial hesabına yaranır. Lakin NATO-nun da bu inkişafa töhvə verməsi daha müsbət nəticələrin əldə olunmasına gətirib çıxaracaq".

 

Bu həm də Azərbaycanın hərbi sənayesinin inkişafına da yardım edəcək . Belə ki, Türkiyədə mövcud olan hərbi texnologiya, yuxarı dərəcəli silahların hazırlanması və iş bacarığının nümunəsi Azərbaycana inteqrasiya olacaq. İ. Məmmədov deyir ki, bütün bunlar gələcəkdə Azərbaycanın hərbi əməliyyatlara başlayacağı təqdirdə öz müsbət təsirini göstərəcək: "Top atan müasir silah, səsiz minamyotlar, pilotsuz uçan təyyarə sistemi, F 16 qırıcıları, M 60 Tankların istehsalı bir texniki mədəniyyət və yüksəlişdir. Bunu isə elə-belə Azərbaycana gətirmək mümkün deyildi. Bu sənədin ratifikasiya edilməsi onu deməyə əsas verir ki, bu əldə olunan təcrübə daha geniş formada Azərbaycana gətirilsin. Yəni cəm şəkildə bir-birinə yardım etsin. Çünki bu yardımdan həm Türkiyə, həm də Azərbaycan bəhrələnə biləcək və hər iki tərəfə dividend gətirəcək. Sənəd həmçinin Türkiyənin hərbi əməkdaşlıq etdiyi ölkələri də bizə daha yaxın edəcək. Məhz buna görə müqavilənin vacibliyi göz önündədir".

Bütün xəbərlər Facebook səhifəmizdə