Qabil Hüseynli: “Ermənistandan Xankəndinə uçacaq təyyarənin vurulması Azərbaycanı sanksiyalarla üz-üzə qoya bilər”

Qabil Hüseynli: “Ermənistandan Xankəndinə uçacaq təyyarənin vurulması Azərbaycanı sanksiyalarla üz-üzə qoya bilər”

İrəvandan Xankəndinə aviareysin açılması Azərbaycanın suverenliyinə xətər gətirən hal olsa da, problem güc deyil, hüquqi yolla həllini tapmalıdır. SİA-ya açıqlamasında bu sözləri politoloq Qabil Hüseynli Xankəndi şəhərində inşa olunan hava limanına Ermənistandan təşkil ediləcək uçuşlarla bağlı hər iki tərəfdən səslənən bəyanatlara münasibət bildirərkən deyib.

 

Politoloq bildirib ki, Azərbaycan bu məsələni Beynəlxalq Mülki Aviasiya Təşkilatıyla (İCAO) həllinə çalışmalıdır. O, Azərbaycanın bu məsələni təkbaşına həll edə bilməyəcəyini düşünür. Q.Hüseynli qeyd edib ki, sözügedən təyyarənin nəinki vurulması, hətta vurulacağı barədə bəyanatın səslənməsi təhlükəlidir: "Belə bir bəyanat Azərbaycanın nüfuzuna da mənfi təsir edə bilər. Bu məsələ birbaşa Dağlıq Qarabağın müstəqiliyinin tanınması ilə bağlı olsa da atılacaq addımlarda bir qədər ehtiyatlı olmaq lazımdır".

 

Politoloqun fikrincə, Ermənistandan Xankəndinə uçacaq təyyarənin vurulması beynəlxalq birlik tərəfindən də müsbət qarşılanmayacaq. Q.Hüseynli qeyd edib ki, belə bir addım Azərbaycanı sanksiyalarla da üz-üzə qoya bilər.

 

Qeyd edək ki, Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, rəsmi Bakı Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yerləşən Xankəndi şəhərində ermənilərin inşa etdiyi hava limanına uçuşlar edən təyyarələri məhv edə bilər. O, bununla bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatına da xəbərdarlıq göndərildiyini deyib. Ermənistan prezidenti Serj Sarkisyan isə Xankəndinə uçacaq mülki təyyarənin ilk sərnişini olacağını açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə