Bahar Muradova: “Azərbaycan xalqı ölkəni idarə edə biləcək siyasi liderini müəyyən edib və ona etimad göstərir”
Müxalifətin bəyan etdikləri ilə fəaliyyət və məqsədləri arasındakı fərqin olduğu bəllidir. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin vitse-spikeri Bahar Muradova radikal müxalifətin sabaha təyin etdiyi etiraz aksiyasına münasibət bildirərkən deyib. Xalq, millət və demokratiya adına irəli sürülən şüarlarla müxalifətin reallıqdakı əməllərinin bir birinə zidd olduğunu qeyd edən vitse-spiker bildirib ki, müxalifət meydanlara məhz bəyan etdiklərinin arxasınca çıxacağını düşünmür.
O, qeyd edib ki, Azərbaycan xalqı insanları bir-birinə qarşı qoymağa, sabitliyi pozmağa yönələn hər hansı bir çağırışa müsbət cavab verməyəcək: "Bu mitinq necə olacaq? Geniş olacaq, ya azsaylı olacaq? Bununla bağlı ehtimallar irəli sürməyi düzgün saymıram. Diqqəti ona yönəltmək lazımdır ki, mitinqi kim keçirir, kimlər keçirir və nə məqsədlə keçirir? Mən bir də onu bilirəm ki, həmişəki kimi Azərbaycan xalqı sabitliyi pozmağa yönələn hər hansı bir çağırışa yox deyəcək. Ola bilər ki, mitinqə bir qrup çıxsın. Amma bu Azərbaycan xalqının mövqeyi demək deyil və bu fikirlərlə xalq da razılaşır. Xalqın bu fikirlə razılaşmadığını göstərmək üçün isə meydana çıxmağa ehtiyac yoxdur. Belə ki, bu tələbləri irəli sürən şəxslər Azərbaycanın inkişafına daim müxalif mövqedə olublar. Azərbaycan xalqı onlara daim neqativ münasibətin şahidi olublar və bu xalq ölkəni idarə edə biləcək siyasi liderini müəyyən edib və ona etimad göstərir. Qrup maraqlarını xalqın maraqları kimi qələmə vermək, bu maraqları xalqın istəyi kimi ortaya qoymaq və iddialarını da bunun ətrafında qurmaq gülüncdür. Hesab edirəm ki, onlar yanlış yoldadırlar. Bir qrup şəxsin maraqlarını heç zaman xalqın müstəqil dövlət qurmaq marağı kimi nümayiş etdirmək olmaz".
Hakim partiyanın müxalifətlə dialoquna gəlincə B.Muradova vurğulayıb ki, konkret bir məsələ olsa, bu məsələnin bütün siyasi partiyalar tərəfindən müzakirə edilməsi tələb olunursa, o halda sözügedən məsələ ətrafında danışmaq olar: "Belə partiyalarla konkret məsələləri müzakirə etmək mümkündür, onların tənqid etdiyi və bunun əvəzində təklif etdikləri məsələləri dialoq mövzusuna çevirmək də olar. Onların tənqidləri haqlı xarakter daşıyarsa, bu da nəzərə alınır. Bəzən isə mövqelərimiz də üst-üstə düşür. Yəni, bu kimi partiyalarla istənilən məsələni müzakirə etmək mümkündür. Amma bu gün elə bir məsələ ortada yoxdur ki, onun müzakirəsi tələb olunsun. Bir fikrə müəyyən cavab vermək mümkün deyil. Nədən söhbət gedir, hansı danışıqlardan söhbət gedir?".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB