Prezident İlham Əliyevin sərt xəbərdarlığı nəyə əsaslanır? ANALİTİKA
Yaxud, ölkə başçısının vurğuladığı fikirlər həm məmurları, həm də sahibkarları düşündürməlidir!
Sirr deyil ki, Prezident İlham Əliyev bütün çıxışlarında öz işlərində nöqsanlar buraxan bir sıra məmurları kəskin şəkildə qınayıb və eyni zamanda, onlardan bəziləri cəzalandırılıb. Ümumiyyətlə, ölkədə aparılan çoxşaxəli islahatların uğurlu nəticələr əldə etməsi üçün ölkə başçısının göstərdiyi qətiyyət həm də belə nəticəyə gəlməyə kifayət qədər zəmin yaradır ki, onun əsas məqsədi xalqın sosial rifah halının daha da yaxşılaşdırılması, dövlətin iqtisadi dayaqlarının daha da möhkəmləndirilməsidir. Daha dəqiq desək, bu istiqamətdə hesablanmış mütərəqqi addımların dinamikliyi, davamlığı da bu reallığı ehtiva etməkdədir.
Azərbaycan vətəndaşı hansı pullardan məhrum idi?
O da əbəs deyil ki, Prezident İlham Əliyev regionların "2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"-nın icrası ilə bağlı keçirilən konfransda kölgə iqtisadiyyatı barədə də danışıb və vurğulayıb ki, artıq bu hal dözülməz dərəcəyə gəlib çıxıb və mütləq qarşısı alınmalıdır. O, eyni zamanda bildirib ki, vergi və gömrük orqanları keçən il proqnozdan əlavə 1 milyard manatdan çox vəsait toplayıb və bu vəsait əvvəllər kiminsə cibinə gedib və bu pullardan Azərbaycan vətəndaşı məhrum idi.
"Məmurlar görən kimi haradasa iş başlayır, bəzi hallarda dərhal cumurlar ora, öz payını tələb edirlər, yaxud da ki, nəsə qoparmaq istəyirlər", ölkə başçısı vurğulayıb.
Sahibkarlar da unutmamalıdırlar ki...
Lakin daha bir həqiqət budur ki, ölkə iqtisadiyyatına önəmli təsirlərini göstərən sahibkarlıq faktoruna bir sıra hallarda müdaxilələr olur ki, bu da həmin sahənin inkişafına öz mənfi təsirlərini göstərir. Halbuki, dövlətin sahibkarlara dəstəyi daim diqqət mərkəzində olub, müxtəlif imkanlar yaradılıb. Ancaq sahibkarlar da unutmamalıdır ki, onlara yaradılan bu imkanlardan sui-istifadə etməməlidirlər.
Dövlət başçısının fikrincə, sahibkarlara çox böyük imkanlar yaradılıb, ona görə də onlardan tələb olunan odur ki, dürüst olsunlar, təmiz işləsinlər, əyri yola getməsinlər, vergiləri gizlətməsinlər. O cümlədən, sahibkarlardan kimsə nə isə tələb edərsə, bu barədə müvafiq dövlət instansiyalarına məlumatlar verilməlidir. SİTAT: “Vergiləri tam ödəsinlər, vergilərdən başqa heç kimə, heç bir quruma, heç bir şəxsə bir manat pul verməsinlər. Çünki rüşvətxorluğun iki tərəfi var: alan və verən. İndi mən potensial rüşvət verənlərə deyirəm ki, dayandırın bunu. Əgər kimsə sizdən əsassız nəsə tələb edirsə, Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, mərkəzi icra orqanlarına dərhal məlumat verin”, İlham Əliyev deyib.
Prezident İlham Əliyev: “Kölgə iqtisadiyyatı olmamalıdır, vəssalam!”
Prezident əlavə edib ki, dövlət kölgə iqtisadiyyatına göz yummur, sahibkar da gərək öz biznesini kölgədən 100 faiz çıxarsın. "Kölgə iqtisadiyyatı olmamalıdır, vəssalam, çox sadə. Düzdür, hər yerdə var, hər ölkədə var. Bizdə bu, dözülməz dərəcəyə gəlib çıxmışdır", Prezident vurğulayıb.
Ölkə rəhbəri 2020-ci ilin yanvar ayında kölgə iqtisadiyyatı ilə mübarizə sayəsində vergi orqanlarının proqnozdan əlavə 120 milyon manat, gömrük orqanlarının isə 40 milyon manat vəsait yığdığını deyib. Prezident bildirib ki, dövlət orqanları kölgə iqtisadiyyatına son qoyulması ilə bağlı keçid dövrü müəyyən edib.
Onun sözlərinə görə, bəri başdan çox sərt tədbirlər görmək düzgün olmaz, insanlar buna gərək yavaş-yavaş öyrəşsinlər. SİTAT: “Amma biz bu güzəşt müddətini də çox uzada bilmərik. Ona görə bu il bütün iqtisadiyyat kölgədən çıxmalıdır, bütün sahibkarlar vergisini ödəməlidir. Əgər kimsə mənim bu sözlərimdən sonra yenə də köhnə qayda ilə işləmək, kiməsə arxalanmaq istəyəcəksə, bilsin ki, bu alınmayacaq. Heç kimə güzəşt yoxdur. Bunu indi hamı bilir. Hər kəs bərabərdir. Heç bir toxunulmaz sahibkar da yoxdur, heç bir toxunulmaz məmur da yoxdur. Hər kəs qiymətini də, mükafatını da, cəzasını da öz əməlinə görə alacaq. Bunu bilməlisiniz".
İlham Əliyev deyib ki, sahibkarlarla şüar və bəyanatlarla yox, açıq söhbət aparılmalı, onlara pozuntu halları göstərilməlidir. O söyləyib ki, dövlət nümayəndəsi sahibkarlara harada pozuntuya yol verdiyini göstərsin, dostcasına desin ki, “get bunu düzəlt, bax, son dəfə sənə deyirəm, düzəltməsən, onda özündən küs”.
"Elə etməliyik ki, 2020-ci ildən başlayaraq, bütün bu bicliklər, manipulyasiyalar, saxtakarlıqlar, kassadan kənar ödəmələr qıraqda qalsın. Bəyan edilməmiş yüklərin gətirilməsi, yükün içində bir məhsul ola-ola başqa məhsulun bəyan edilməsi - bütün bunları dövlət orqanları bilir və bilirdi. Sadəcə olaraq, bəziləri göz yumurdular, sövdələşirdilər. Daha bu dövr bitdi. Mən sizə bunu deyirəm, qurtardı. Ona görə mən dediyim kimi işləməlisiniz, vəssalam," - İlham Əliyev deyib.
Beləliklə, Prezident İlham Əliyevin çıxışından həm də belə bir nəticə hasil etmək olar ki, o həm məmurlardan, həm də sahibkarlardan dürüst olmağı tələb edib və bu tələbin sərtliyi həm də xəbərdarlıq kimi anlaşılmalıdır. Daha dəqiq desək, artıq ölkəmiz inkişaf yolunu davam edir və bu inkişafın qarısını kəsən nöqsanlar da aradan qaldırılmalıdır.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB