Batumi şəhərindəki Baş Konsulluqda 31 Mart – Azərbaycanlıların soyqırımı günü anılıb

Batumi şəhərindəki Baş Konsulluqda 31 Mart – Azərbaycanlıların soyqırımı günü anılıb

Azərbaycan Respublikasının Batumi şəhərindəki Baş Konsulluğunda 31 Mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar anım mərasimi keçirilib. XİN mətbuat xidmətindən SİA-ya verilən məlumata əsasən, mərasimdə Acarıstan Muxtar Respublikası Hökuməti aparatının və nazirliklərin məsul əməkdaşları, Batumi şəhər şurasının deputatları, Batumi şəhərində akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, Acarıstanın ziyalıları, Azərbaycan icmasının nümayəndələri, habelə kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.

Tədbirin açılışı nitqində Baş Konsul Hüseyn Nəcəfov ermənilərin azərbaycan xalqına qarşı tarix boyu törətdiyi dəhşətli cinayətlər, soyqırımının səbəbləri və ağır nəticələri barədə geniş məlumat verib. Baş Konsul 31 mart gününün yalnız Ümummilli Lider Heydər Əliyevin ali hakimiyyətə qayıdışından sonra təsis edildiyini qeyd edərək, Azərbaycanlıların soyqırımına əsil siyasi-hüquqi qiymətin verildiyini, Azərbaycan həqiqətlərinin dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlərin həyata keçirildiyini xüsusi ilə vurğulayıb. Soyqırımı nəticəsində şəhid olanlar bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanmış soyqırımını əks etdirən "Правда как есть" sənədli film nümayış etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə