İran-Ermənistan azad iqtisadi zonaları nə vəd edir? TƏHLİL

İran-Ermənistan azad iqtisadi zonaları nə vəd edir? TƏHLİL

Beynəlxalq aləmdə siyasi nüfuzunun artması, iqtisadi yüksəlişi, regionda reallaşdırdığı qlobal layihələr, ümumiyyətlə, aparılan düzgün siyasət Azərbaycanı söz sahibinə çevirib. İndi ölkəmiz sözün əsl mənasında regionun lider dövlətidir. Çünki, Azərbaycanın iqtisadi yüksəlişi, artan imkanları digərləri ilə müqaisə edilməyəcək dərəcədədir və məhz bu baxımdan daha üstün mövqelərə malikdir. Bununla yanaşı, qanunsuz şəkildə zəbt olunan Azərbaycan torpaqları ilə, Dağlıq Qarabağla bağlı məsələ hələ də öz həllini gözləyir və sözsüz ki, ölkəmizin üstün mövqeyə malik olması məsələnin həllinə öz müsbət təsirini göstərməkdədir.

Məsələ burasındadır ki, ölkəmizin hər sahədə inkişafı fonunda, münaqişə tərəfi olan Ermənistanın da hər mənada geriləməsi diqqətdən yayına bilməz. Bu işğalçı ölkənin indi hansı acınacaqlı durumda olduğu təkzibedilməz reallıqdır. Ermənistanın səfalət içərisində olması heç də təsadüfi deyil və bunu onların özləri ilə yanaşı regionun digər qonşu dövlətləri də, bütün dünya ictimaiyyəti də yaxşı bilir. Yaxşı bilir ki, məhz Azərbaycanla əlaqələrini pozan Ermənistan bunun nəticəsi olaraq regionda marginallaşmış bir duruma düşüb.
Azərbaycanın neft strategiyası, reallaşdırdığı qlobal layihələri artdıqca, ölkəmiz dinamik şəkildə inkişaf etdikcə Ermənistanın küncə qısıldığının şahidi oluruq. Şahidi oluruq ki, bu işğalçı ölkə məhz işğalçılıq siyasətinə görə bütün layihələrdən, ələlxüsus Azərbaycana məxsus layihələrdən kənarda qalır və bir sözlə imkanlardan məhrum olur. Ölkəmiz tranzit qovşağına çevrildiyi halda, Ermənistan bu layihələrdə iştirak eməkdən belə məhrumdur. Məsələn, reallaşdırılan layihələrdə region ölkələri iştirak etsə də Ermənistan bundan kənarda qaldı. Bir növ, sıxışdırıldı və küncə qısıldı.

Əslində, sivil mübarizə yolunu seçən Azərbaycan beləliklə də, öz rəqibini sarsıda, onu öz haqsız iddialarından geri çəkilməyə bir növ sivil qaydada məcbur edə bildi və bu, son zamanlar Ermənistan rəhbərliyinin qətiyyətsizliyində, çaşqınlığında, ölkə vətəndaşlarından tutmuş siyasi partiyaların dövlət əleyhinə fəaliyyətlərinə qədər hər yerdə özünü büruzə verir. İşğalçı ölkədə hökm sürən xaos, səlahiyyətlilərə, ələlxüsus hakimiyyətə olan inamsızlıq, get-gedə daha da qızışmaqda olan etirazlar və bir sıra bu kimi faktlar sadalananları təsdiq edir ki, bu da Azərbaycanın düzgün yolda olmasından, uğurlu, məqsədyönlü, nəticəyə hesablanmış fəaliyyətindən xəbər verir.

Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, belə bir şəraitdə işğalçı ölkəyə dəstək də verilir və məsələnin daha da uzanması elə məhz bu dəstəyə görədir. Əks halda, bu işğalçı ölkə çoxdan təslim olardı. Əlbəttə, ermənilərin yardımçısı kimi erməni lobbisi, onlara maliyyə yardımı ayıran erməni təşkilatlar barədə ictimaiyyət geniş məlumatlara malikdir və bu bir təssübkeşlik kimi hardasa başadüşüləndir. Yəni, bir erməni təşkilatının, lobbisinin Ermənistana yardımında qeyri-adi heç nə yoxdur. Ələlxüsus ermənilərin tarixi belə təsdiq edir ki, bu xalq hər zaman iyanələr, yardımlar hesabına mövcudluğunu qoruyub və bu vaxta qədər yaşamasında yeganə səbəb də elə bu yardımlardır.

Məsələ burasındadır ki, bu işğalçı ölkəyə, Ermənistana təkcə erməni lobbisi yardım etmir. Yardım edənlər arasında bir sıra Avropa dövlətlərindən tutmuş, region ölkələrinə qədər də var. Təbii ki, “Qoca qitə” ölkələrinin, Qərbin regionda maraqlarını da başa düşmək çətin deyil və onların Ermənistandan vasitə kimi istifadə edərək regionda mövqelərini möhkəmləndirmək arzusu da anlaşılandır. Onsuz da Ermənistan öz mövcudluğu dövründə alət olmağa alışqandır və məhz elə bunun sayəsində də kimlərə isə lazımlıdır.

Qeyd edək ki, Ermənistan kimi bir işğalçı dövlətə bəzən qonşu ölkələrin, region ölkələrinin yardımının da şahidi oluruq. Ələlxüsus, İranın yardımını, bu dövlətin, özü də İslam Respublikası olan bir dövlətin Ermənistana köməyini təəssüf hissi ilə qeyd etmək məcburiyyətindəyik. Bir İslam Respublikasının müsəlmanların qətlini törədən xristian dövlətinə nəinki yardımı, hətta bu işğalçı dövlətlə əlaqələri belə anlaşılmazdır. Daha dəqiq desək, İranın Ermənistana yardımları, dəstəyi heç bir məntiqə sığmır.

Azərbaycan tarix boyu İranla mehriban qonşuluq siyasəti aparıb və bir müsəlman dövlətinə münasibəti də əlbəttə ki, Qərbə olan münasibətindən müsbət istiqamətdə hər zaman kəskin şəkildə fərqlənib. Məhz bu baxımdan Azərbaycanın İran tərəfindən də gözləntiləri eynidir və düşünürük ki, İran Azərbaycanın münasibətlərinə adekvat cavab verməlidir. Halbuki, bəzi hallarda bunun belə olmadığını müşahidə edirik və təəssüf doğuran da məhz budur. Təəssüf və hətta təəccüb doğuran məsələn, İranın Ermənistan ilə gömrük məntəqəsində və azad iqtisadi zonalarda (AİZ) tikinti-bərpa işlərini fəallaşdırmasıdır. Nurdüz sərhəd nəzarət-buraxılış məntəqəsinin yaxınlığında bir sıra ticarət obyektləri inşa edilməkdədir və onlardan bəziləri artıq fəaliyyətə də başlayıb ki, məhz bu özü də təəssüf hissi, həmçinin təəccüb doğurur.

2019-cu il noyabrın 27-də İranın Ticarət Palatasının təşəbbüsü ilə İrəvanda “İran-Avrasiya ticarət mərkəzi” açıldı. Görəsən, bu ticarət mərkəzinin açılışında məqsəd nədir? Bəllidir ki, palatanın əsas fəaliyyət istiqaməti İran mallarının Avrasiya məkanında rüsum tətbiq olunmadan satışı üçün müvafiq şəraitin yaradılmasıdır. Lakin, bu mərkəz İrəvanda niyə açılır? İrəvan ticarət qovşağı deyil, potensial bazar deyil, heç imkanlarından da söz açıla bilməz. Axı, niyə İrəvanda rüsum tətbiq olunmadan satış üçün müvafiq şərait yaradılır və bunun İran üçün nə kimi faydası ola bilər?

İran Avrasiya İqtisadi İttifaqı ilə iqtisadi əməkdaşlığa böyük ümidlər bəsləyə bilər. Amma, İran öz ərazisindəki “Araz” AİZ və Ermənistandakı “Meqri” AİZ-nin fəaliyyətinin bu istiqamətdə təsirli olacağını düşünürsə bərk yanılır. Ermənistanın ağır iqtisadi vəziyyətdə olması, “Meqri” AİZ-in faktiki fəaliyyətə hazır vəziyyətdə olmaması fonunda İran nəyə ümid edə bilər? Əslində, heç nəyə ümid edə bilməz və heç etmir də. Özünə aiddir deyə, İran bu sadalananları digərlərindən daha yaxşı başa düşür və bu dövlətin nəyə isə ümid etməsi heç inandırıcı görünmür.

Üstəlik, Ermənistanın Avrasiya İqtisadi İttifaqı ilə birbaşa quru sərhəddinin olmaması özü tutarlı bir faktdır və bu fakt İranın bu istiqamətdə səylərinin əbəs yerə olduğunu bir daha təsdiq edir. Heç çür inanmaq olmur ki, İran tərəfi sadalanan faktlardan, qeyd olunan bir sıra məqamlardan xəbərsiz olsun. Belə olan halda, Ermənistanda, İrəvanda “İran-Avrasiya ticarət mərkəzi” açılması nəyə lazımdır sualı İranı da maraqlandırmaya bilməzdi və bu barədə düşünülməməsi inandırıcı görünmür.

İranla Ermənistan arasında 2018-ci ilin mart, 2019-cu ilin mart ayları ərzində ümumi ticarət dövriyyəsinin cəmi 183,3 milyon ABŞ dolları olması faktını demək belə kifayətdir ki, İranın səylərinin əbəs yerə olduğu sübut edilsin. Qeyd edildiyi kimi bunu, məhz bu göstəricini İran hamıdan yaxşı bilirsə, onda Ermənistanda, İrəvanda açılan “Iran-Avrasiya ticarət mərkəzi” nəyə lazımdır, yaxud nəyə xidmət edir?

BMT kimi bir beynəlxalq qurumun Ermənistan tərəfinin zəbt etdiyi torpaqları qeyd-şərtsiz boşaltması tələbini özündə ehtiva edən qətnamələrinin, Azərbaycanın isə bu müddət ərzində haqlı tələblərlə çıxış edərək, ərazi bütövlüyünün qorunması kimi prinsipial mövqelərini ortaya qoyması və bu yoldan çəkinməyəcəyini bəyan etməsinin fonunda İrandan gözləntilərin əksini müşahidə etmək heç də arzuolunan və başadüşülən deyil. İllərdir davam edən münaqişədə Azərbaycan hər zaman hüquqi prinspləri rəhbər tutduğunu bütün dünya dövlətləri, eləcə də beynəlxalq təşkilatlar etiraf etmək məcburiyyətindədirlərsə, İrana nə gəlib? İran bunu görməməzlikdən gələ bilməz axı. İran tərəfi bilmirmi ki, Ermənistan tərəfi vətəndaşlarımıza qarşı soyqıım siyasəti yürüdüb, zəbt etdiyi ərazilərdə qırğınlar, qətllər törədib, insanları yurd-yuvalarından didərgin düşməyə məcbur edib, ərazilərimizdə maddi-mədəniyyət abidələrini dağıdıb və bir sıra vandallıq əməlləri törədib, yenə də Azərbaycan tərəfi münaqişənin sülh yolu ilə həllini dəstəkləyib? Yəni, İran tərəfi kimin haqlı, kimin haqsız olduğunu bilmir, yoxsa buna məhəl qoymur? Eyni zamanda, bu İslam Respublikası ermənilərin müsəlmanları hədəfə almasından, müsəlmanları təhqir etməsindən, islam dininə etdikləri hörmətsizlikdən də xəbərsizdir? Qonşu Azərbaycanın vətəndaşlarının qətlinə, islam dinini xristianın təhqir etməsinə hansı qonşu müsəlman dövləti laqeid yanaşar və terrorçu xristian ölkə ilə əlaqələrə hansı müəlman ölkəsi yer ayırar? İran tərəfi bilməlidir və əslində bilir də ki, ermənilərin ipinin üstünə yük yığılan deyil və bir zaman böyük qardaş adlandırdıqları rusları bir anda Qərbə satdılarsa, deməli bu məsələdə İran da istisnalıq təşkil edə bilməzdi. Bir sözlə İran tərəfi bilməlidir ki, İranın Ermənistanla bağlı səyləri əbəsdir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə