Azərbaycan dilində sinif.az interaktiv təlim sistemi yaradılıb

Azərbaycan dilində sinif.az interaktiv təlim sistemi yaradılıb

Azərbaycan dilində sinif.az interaktiv təlim sistemi yaradılıb. İKT İnformasiya Mərkəzindən SİA-ya verilən məlumata görə, layihə orta və gələcəkdə ali distant təhsil üçün universal platformanın yaradılması məqsədilə bir qrup azərbaycanlı alim və proqramçılar tərəfindən hazırlanıb.

Sistem xüsusi tədris proqramı əsasında orta və mürəkkəb səviyyəli təlimi, test sistemini, elektron müvəffəqiyyət gündəliyinin aparılması imkanını və s. nəzərdə tutur. Hazırda sistem V-XI siniflərinin məktəb proqramlarını əhatə edir. Sistemdə hər fənn üzrə 40%-dan çox tədris materialı yerləşdirilib: "V-XI siniflər üzrə tədris proqramının tamamilə yerləşdirilməsi 2011-ci ilin sonunadək həyata keçiriləcək. Gələn ilin yazına qədər isə sistem I-IV siniflər üzrə də bütün tədris materialları əhatə edəcək".

Fənnlərin biri üzrə proqramı öyrənmək istəyən hər bir tələbə və şagird müxtəlif təlim kurslarından ibarət şəxsi tədris planını formalaşdıra bilər. Mövzunu keçdikdən sonra biliklərin yoxlanması imkanı da nəzərdə tutulub. Testin əsas üstünlüyü ondan ibarətdir ki, o, yoxlamadan sonra tələbələrə onların buraxdıqları səhvlərin tam təhlilini təqdim edir. Təhlil əsasında sistem tələbələrə biliklərində olan çatışmazlıqları tamamlamağı və bu tədris materialını bir daha öyrənməyi tövsiyə edir.

Sözügedən interaktiv təlim sistemində həmçinin ali təhsil müəssisələrinə qəbul testlərini keçmək imkanı da təklif olunur. Abituriyentlər üçün nəzərdə tutulmuş bölümdə hər bir kəs dörd qrup qəbul imtahanlarından birini seçib 125 (700 ball) sualdan ibarət test imtahanından keçə bilər. Mümkün səhvlərin təhlili abituriyentlərə qəbul imtahanlarına daha səmərəli şəkildə hazırlaşmağa imkan verəcək. Əlavə olaraq sistemdə hər kəsin öz intellekt səviyyəsini yoxlaya bilməsi üçün məntiq testləri də yerləşdirilib.

Perspektivdə sinif.az interaktiv təlim sistemi ali təhsili də əhatə edəcək. İstifadə olunmuş proqram təminatı bu prosesin ümumdünya interaktiv təlim təcrübəsinin və Bolonya prosesinin tələblərinə uyğun həyata keçirilməsinə imkan yaradır.

Audio və videofayllardan, təqdimatlardan və s. bu kimi elementlərdən istifadə imkanı həm tələbələr, həm də şagirdlər üçün tədris materialının qavranması imkanlarını nəzərə çarpan dərəcədə genişləndirəcək.

"Sistemin proqram təminatı imtahanların keçirilməsi üçün əla şərait yaratamağa imkan verir. Belə ki, sistem imtahanda iştirak edən hər bir kəs üçün fərdi tapşırığı təmin edir və bu da köçürmə hallarını, demək olar ki, tam istisna edir", - deyə İKT İnformasiya Mərkəzindən bildirilib.

Sinif.az interaktiv təlim sistemi "tələbə" ("şagird"), "müəllim" və "valideyn" statusu ilə məlumat bazasına girişi təmin etməyə imkan verir. Məsələn, valideynlər sözügedən sistem çərçivəsində öz övladlarının tədrisinə nəzarət edə bilər, müəllimlər isə təqdim olunmuş tədris materiallarından dərslərində interaktiv qaydada istifadə edə bilər.

Artıq 300 nəfərdən çox şagird və abituriyentin qeydiyyatdan keçdiyi sinif.az interaktiv təlim sistemi beynəlxalq təcrübənin dərindən öyrənilməsi əsasında yaradılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə