Mübariz Əhmədoğlu: "İranın Azərbaycana qarşı təbliğatının effekti Dərviş Məstəli şahın Parisi partlatmasına bənzəyir" - MÜNASİBƏT

Mübariz Əhmədoğlu: "İranın Azərbaycana qarşı təbliğatının effekti Dərviş Məstəli şahın Parisi partlatmasına bənzəyir" - MÜNASİBƏT
Bir tərəfdən Azərbaycana "qardaş, dost" deməyi təkrarlamaqdan doymayan, İranla Azərbaycan arasında təbliğat mübarizəsini dayandırmağı təklif edən İran nədənsə unudur ki, bu mübarizəni özü başlayıb, Azərbaycan müdafiə olunur. İranın qarşısında Azərbaycanın müdafiəsi sırf özünün resurslarına söykənir. Bu məsələdə kənar qüvvələrin köməyinə ehtiyacı yoxdur. Antiiran mövqe böyük resursa malik olsa da, bizim ona da ehtiyacımız yoxdur. Öz daxili resurslarımızın hesabına təbliğat mübarizəsində nəinki müdafiə oluna, hətta hücuma da keçə bilərik. SİA-nın məlumatına görə, bunu politoloq Mübariz Əhmədoğlu deyib. O bildirib ki, İranın Azərbaycana qarşı təbliğat mübarizəsi forma və məzmunca getdikcə daha da "zənginləşir". İran indi təkcə ictimai-siyasi verilişlərdə deyil, digər verilişlərdə də antiazərbaycançılıqla məşğuldur. Son vaxtlar dövriyyəyə buraxılan "İran mənşəli Novruz...", "Azərbaycan muğamının inkişafı düzgün getməyib, Qərbin təsiri altındadır" və ya "Azərbaycan muğamı yoxdur İran muğamının tərkib hissəsidir", "Azərbaycan adlanan ərazi", "Aran..." və s. terminlər İranın Azərbaycana qarşı mübarizəsinin hansı istiqamətdə getdiyini göstərir. İranın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə münasibəti ümumiyyətlə faciəvi məntiqsiz və ziddiyyətlidir. Azərbaycanı DQ problemini həll etməməkdə, bu məsələdə Qərbdən asılı olmaqda ittiham edən rəsmi Tehran DQ münaqişəsinin tənzimlənməsi kontekstində Azərbaycanın ərazi bütövlüyü prinsipini axırıncı dəfə nə zaman xatırladığını deyə bilməz. İranda DQ münaqişəsinin tənzimlənməsinin mahiyyətini və hətta bəzi detallarını bilən qeyrətli siyasətçilər və ya ekspertlər var. Onlar özlərinin DQ ilə bağlı danışıqlarda təqdim etdikləri fikirləri İranın rəsmi mövqeyi ilə tutuşdura bilərlər. Rəsmi Tehranın mövqeyi dedikdə dini liderin, prezidentin və xarici işlər nazirinin səsləndirdiyi fikirləri nəzərdə tuturuq. Qarabağ köçkünlərinin ünvanına ən təhqirli ifadələr İranın təbliğat maşınında səslənmişdir. İran Azərbaycanda digər regionun nümayəndələri, o cümlədən qarabağlılarla hakim elita arasında narazılıq salmaq üçün məqsədyönlü siyasət aparmışdır. Mübariz İbrahimovun meyitinin qaytarılması ilə bağlı bütün dünya Ermənistana müraciət etdiyi halda İranın belə müraciətə gücü çatmadı. İndi isə İranın qaşqalı, "yeni müsəlmanları", eləcə də İranın təbliğat maşını bu milli qəhrəmanın adı ilə utanmadan möhtəkirlik edirlər. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində ABŞ başda olmaqla, Qərbdən asılı olmayan və Azərbaycana normal münasibəti olan güclü İranın mövqeyi indikindən 180 dərəcə fərqlənən mövqe olacaqdır. DQ münaqişəsi regionunun birbaşa qonşuluğunda yerləşən İran unikal mövqeyə malikdir. Bu unikallıq ona imkan verir ki, DQ münaqişəsi saatlarla ölçülən vaxt ərzində həll edilsin. İranın bu addımı atmamasının səbəbi onun təkcə antiazərbaycançılığında deyil, həm də zəif və Qərbdən asılı olmasındadır. İran indi öz gücünə müvafiq bildiyi işlə-30-40 məktəbliyə hicab geyindirməklə məşğuldur.

Bütün xəbərlər Facebook səhifəmizdə