"Azərbaycan münaqişənin sülh yolu ilə həllinə sadiqdir" ÖZƏL-MÖVQE

"Azərbaycan münaqişənin sülh yolu ilə həllinə sadiqdir" ÖZƏL-MÖVQE

“Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda dediyi kimi, Azərbaycan digər ölkələrlə münasibətində əməkdaşlığa hər zaman açıqdır. Ölkəmiz rəqib sayılan enerji layihələrinin həyata keçirilməsində çalışır ki, münasibətləri elə tənzimləsin ki, rəqabət əməkdaşlığa çevrilsin”. Bunu SİA-ya politoloq İlqar Vəlizadə deyib.

Politoloqun sözlərinə görə, dövlətimizin başçısının Davosda qaz infrastrukturu ilə bağlı səsləndirdiyi təklif böyük maraq doğurdu: “Digər ölkələrə də qaz infrastrukturundan istifadə imkanının verilməsi onu göstərir ki, Azərbaycan bütün tərəfdaşları ilə bütün sahələrdə, o cümlədən enerji sektorunda əməkdaşlıq etmək niyyətindədir. Təbii ki, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ikitərəfli münasibətlərin inkişafı ilə yanaşı, regionda geosiyasi gərginliyin azalmasına da zəmin yaratmış olur”.

Ermənistanın destruktiv siyasət apardığını və bunun regionda sabitliyin təmin olunmasına maneə yaratdığını bildirən politoloq qeyd edib ki, təcavüzkar ölkə 30 ildir Azərbaycan torpaqlarını işğal altında saxlayır. Bu, regionda həm iqtisadi, həm də siyasi risklər yaradır. Bununla belə, işğalçı ölkəyə beynəlxalq normalar çərçivəsində təzyiqlər göstərilmir.

“Ermənistanın təcavüzkar və işğalçı siyasət yürütməsinə baxmayaraq, Azərbaycan münaqişənin sülh yolu ilə həllinə sadiqdir və regionda təhlükəsizliyin, dayanıqlılığın təmin olunmasına çalışır”, - deyə politoloq fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə