AXCP-“Milli Şura” cütlüyündə “partlayış” baş verəcək SİYASİ RAKURS
Və ya proqnozlar daha hansı faktları üzə çıxarır?
Sirr deyil ki, hər seçki öncəsi destruktiv müxalifət partiyaları müxtəlif birliklər yaradır. Seçki bitdikdə isə həmin “birlik” və ”koalisiyalar” qarşılıqlı ittihamlar fonunda siyasi ölümə məhkum olurlar. O da məlumdur ki, radikal müxalifətin daxilində bir-birilərini qaralamaq, seçkidə iştirak etməyənlərin iştirak edənləri virtual linçə məruz qoymağı da artıq standart halını alıb. Misal üçün, AXCP sədri Əli Kərimli və onun dirijor çubuğu ilə idarə etdiyi “Milli Şura” adlı qrup seçkiləri bəri başdan boykot edərək özlərinin “parlament yenilənməlidir” şüarlarını biabırçı formada təkzib etdilər.
“Milli Şura”nın seçkilərə hesablanmayan fəaliyyəti AXCP daxilində Ə.Kərimliyə qarşı ciddi etiraz və müqavimət formalaşdırdı
Digər tərəfdən, həm də “Milli Şura”nın seçkilərə hesablanmayan fəaliyyəti AXCP daxilində Ə.Kərimliyə qarşı ciddi etiraz və müqavimət formalaşdırdı. Çünki seçkiyə getməmək eyni zamanda zəifliyinin aşkar etirafıdır. Bu baxımdan, bəlli hadisələr fonunda belə bir proqnoz yaranır ki, seçkidə iştirakla bağlı “Milli Şura” daxilində ciddi narazılıq hökm sürür. Ümumiyyətlə, sıravi Milli Şura üzvləri Əli Kərimlinin tək adamlıq qərar qəbul etmə prinsiplərinə çoxdan etiraz etməyə başlayıblar və çox qısa zamanda bu daxili partlayışla nəticələnəcək.
Bu baxımdan da yanaşma edərsək, qənaətə gələ bilərik ki, nəinki AXCP-“Milli Şura” cütlüyü, eləcə də bütövlükdə radikallığı seçən düşərgə növbəti siyasi fiaskonun astanasındadır. Belə ki, müxalifətin daxili ziddiyyətləri müxtəlif sosial şəbəkə qruplarında özünü daha açıq büruzə verir.
Yaxın aylarda onlar daha bir neçə ağır proseslə qarşılaşacaqlar
Məsələn, xatırlaya bilərik ki, bir neçə ay öncə radikallara bağlı trol şəbəkələrinin səs yazısı yayılmışdı. Həmçinin yayılan skrinlərdə İlqar Məmmədovun çıxışlarına kütləvi “dislayk” tələb olunurdu. Bundan başqa, “REAL”a qarşı ittihamlar və “REAL”ın da qarşı tərəfə ittihamları müxalifətin daxili gərginliyinin hansı həddə olmağının göstəricisi idi. Seçki ərəfəsində “REAL” və Müsavatın seçkilərə qatılması “boykotçu” düşərgədən kəskin qısqanclıqla nəticəsini tapdı.
Dağıdıcı düşərgənin növbəti proqnozları həm də ondan ibarətdir ki, yaxın aylarda onlar daha bir neçə ağır proseslə qarşılaşacaqlar.
İlk növbədə, iqtidar partiyasının – YAP-ın böyük cəsarət nümayiş etdirərək parlamentin yenilənməsi tələbi ilə növbədənkənar seçki istəməsi ölkədəki islahatlar fonuna uyğun gəlir. Bütün bunlara rəğmən, yeniləşə bilməyən müxalifətin klassik az sayılı çevrəsi daha da məhdudlaşacaq. Seçkilərdə müxalifətdaxili gərginlik pik həddə çatacaq. Keçmiş müttəfiqlərin belə, bir-birini sıxışdırmasını müşahidə edə bilərik. “Milli Şura” və digər siyasi partiyalar arasında çatlar daha da dərinləşəcək. Beynəlxalq təşkilatların müxalifətin ciddiyyətinə inamı bir daha zəifləyəcək. Ölkədə müxalifətin onsuz da olmayan nüfuzu yeni zədələnməyə, deqradasiyaya məruz qalacaq. Nəticədə seçkilərdən sonra radikal düşərgəni daha betər, daha ağır məğlubiyyətlərlə üzləşəcəyi fakta çevriləcək.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB