Sərdar Cəlaloğlu: “Şəxsən mənim dairəmdə bu günə qədər icra strukturlarının müdaxiləsinə rast gəlinməyib”
Bir sıra qərəzli və böhtançı müxalifət təmsilçilərindən fərqli olaraq, seçki prosesi ilə bağlı müsbət fikirlərlə çıxış edən düşərgə təmsilçiləri də var. Belə ki, onlar sözügedən prosesin şəffaf, müdaxiləsiz olduğunu deməklə yanaşı, seçkilərin kifayət qədər uğurlu olduğunu, demokratik dəyərlərə söykəndiyini deyirlər. Onlardan biri də ADP sədri Sərdar Cəlaloğludur. SİA xəbər verir ki, mediaya açıqlamasında “Seçkilərə bu vaxta qədər müdaxilələr olmayıb”, deyən müxalifətçi partiya sədri bəzi strukturların ümumiyyətlə müdaxilə etmədiklərini də açıqlayıb: “Şəxsən mənim dairəmdə bu günə qədər icra strukturlarının müdaxiləsinə rast gəlinməyib. Təbliğatımızı açıq aparırıq və heç bir müdaxilə də yoxdur”.
Onu da xatırladaq ki, ADP sədri S.Cəlaloğludan əvvəl siyasi müxalifəti təmsil edən VHP sədri Sabir Rüstəmxanlı da eyni fikri bölüşüb. O da öz növbəsində bildirib ki, 1600 nəfərə yaxın namizəd qeydə alınıb və heç kəsə əngəl yaradılmayıb.
“Kim harada istəsə, görüşünü keçirir, öz təbliğatını aparır”, deyən VHP sədri şəxsən onun özü də daxil olmaqla, 14 nəfərin içərisində heç bir əngəlin yaradıldığını görmədiyini bildirib: “Hamı sərbəst şəkildə görüş keçiririb öz sözünü deyir. Məncə digər dairələrdə də vəziyyət belədir. Hesab edirəm ki, seçki prosesi normal və şəffaf təşkil olunub”.
Qeyd edək ki, bəzi xarici dairələr və onlarla iş birliyində olan destruktiv müxalifətçilər əsassız iddialar irəli sürərək, guya onlara əngəllər yaradıldığını bildirirsələr də, onların bu kimi iddiaları ictimai rəy tərəfindən ciddi qəbul olunmur. O cümlədən, bəlli olur ki, seçki prosesinə qərəzlə yanaşı, belələri öz uğursuzluqlarını ört-basdır etməyə cəhdlər göstərirlər. Amma göründüyü kimi, sağlam düşüncəyə malik müxalifətçi namizədlər prosesin normal, müdaxiləsiz və əngəlsiz getdiyini deməklə, radikal baxışlıların iddialarını alt-üst edirlər.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB