"Bir sıra namizədlərdə passivlik özünü göstərir" ÖZƏL-MÜNASİBƏT

"Bir sıra namizədlərdə passivlik özünü göstərir" ÖZƏL-MÜNASİBƏT

"Azərbaycanda bu ilin fevralın 9-da keçiriləcək parlament seçkiləri ilə bağlı davam edən deputatlığa namizədlərin təbliğat-təşviqat kampaniyası çox sakit keçir. Heç bir qarşıdurma baş verməyib. Çünki ölkədə stabillik hökm sürür". Bunu SİA-ya açıqlamasında AVCİYA seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı deyib.

"Təbliğat-təşviqat kampaniyasında əsasən sosial mediadan – internet televiziyalarından istifadə olunur. İctimai televiziyada deputatlığa namizədlər üçün pulsuz efir vaxtı ayrılsa da bundan yalnız qanunla 60 dairədən namizədləri təsdiqlənmiş partiya istifadə edə bilər. Pulsuz efir vaxtı nisbətən əlçatan olmadığına görə, namizədlərin mütləq əksəriyyəti sosial şəbəkələrə üstünlük verirlər. Xarici müşahidəçilər də telekanallardan istifadə olunmamasına görə tənqid edirlər. Hesab edirəm ki, gələcəkdə qiymətlərə yenidən baxılmasına ehtiyac var. Yəni efir vaxtının saniyəsinin 22 manat və yaxud saatın müəyyən vaxtlarına uyğun 65 manat olması fikrimcə, Azərbaycan reallığını əks etdirmir. Yəqinki gələcəkdə bu məsələlərə yenidən baxılacaq. Seçki üçün ayrılmış qapalı yerlərdə görüşlər keçirilir. Bundan başqa müəyyən namizədlər sosial şəbəkələrlə yanaşı, elektron müraciət şəbəkələri də yaradıblar ki, seçicilər birbaşa namizədlərə müraciət etsinlər. Həmçinin qapıdan-qapıya proqramını həyata keçirən namizədlər də vardır. Amma bunu əksəriyyətinə aid etmək olmaz. Bir sıra namizədlərdə passivlik də özünü göstərir. Çünki bizim bəzi namizədlər namizədlikləri qeydə alınandan sonra öz imkanlarına baxırlar"-deyə, qurum rəhbəri fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə