ADU-da “Dünya Azərbaycanlılarının soyqırımı” adlı tədbir keçirilib

ADU-da “Dünya Azərbaycanlılarının soyqırımı” adlı tədbir keçirilib
Bu gün Azərbaycan Dillər Universitetində (ADU) 31 mart soyqırım qurbanlarının xatirəsinə həsr olunmuş "Dünya Azərbaycanlılarının soyqırımı" adlı tədbir keçirilib. ADU-nun ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Zeynab Kazımovanın SİA-ya verdiyi xəbərə görə, tədbirdə ADU-nun Tədris işləri üzrə prorektoru, professor Natiq Yusifov, Elmi işlər üzrə prorektor, professor Dünyamin Yunusov, Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Jalə Qəribova, fakültə dekanları, kafedra müdirləri və tələbələr iştirak edib.

ADU-nun İngilis dilinin tarixi və leksikası kafedrasının təşəbbüsü və həmin kafedranın müəllimi Gülşən Məhərrəmovanın təşkilatçılığı ilə keçirilən tədbir dövlət himninin səslənməsi ilə başlayıb. Tədbirdə çıxış edən ADU-nun Tədris işləri üzrə prorektoru Natiq Yusifov 31 mart soyqırımını Azərbaycan xalqının tarixinə qan yaddaşı ilə həkk olunmuş hadisə olduğunu bildirib. Erməni şovinistlərinin əsrlər boyu xalqımıza qarşı apardığı düşmənçilik siyasətinə toxunan prorektor 93 il bundan əvvəl erməni qəsbkarları və onlara dəstək verən bolşevik havadarları tərəfindən törədilən soyqırım faktından danışıb. N.Yusifov qeyd edib ki, azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir. O, 1918-ci ilin mart hadisələrinin 80-ci ildönümündə ümummilli lider Heydər Əliyevin imzaladığı sərəncama toxunub. 1998-ci il 26 mart tarixli bu sərəncamın erməni millətçilərinin hərəkətlərinə verilən ilk siyasi qiymət olduğunu deyən N.Yusifov Azərbaycanın indiki və gələcək nəsillərinin milli yaddaşının formalaşdırılmasında sənədin əhəmiyyətli rol oynadığını diqqətə çatdırıb. O, 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğınlarda 50 min soydaşımızın qətlə yetirildiyini bildirib. Prorektor Qubada aşkar olunan kütləvi məzarlığın erməni daşnaklarının xalqımıza qarşı həyata keçirdiyi soyqırım faktını sübuta yetirdiyini söyləyib. O, bununla yanaşı digər faktların da mövcud olduğunu sözlərinə əlavə edib.

Sonra Azərbaycanın bütövlüyü və müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunub.

Azərbaycan tarixi kafedrasının müdiri, dosent Xanməmməd İbrahimov isə çıxışında XX əsrin əvvəllərində Qafqaz regionunda baş verən siyasi proseslərdən bəhs edib. Erməni millətçilərinin Azərbaycan xalqının başına gətirilən soyqırım faktından, vandalizm hərəkətlərindən və vəhşiliklərindən danışan kafedra müdiri tarix boyu aparılan müharibələrdə belə qəddarlığa rast gəlinmədiyini qeyd edib. X.İbrahimov XX əsrin əvvəllərində ermənilərin həyata keçirdiyi soyqırım siyasətinin araşdırılması ilə bağlı Azərbaycan Demokratik Respublikasında (ADR) Fövqəladə Tədqiqat Komissiyasının yaradıldığını tədbir iştirakçılarının nəzərinə çatdırıb. Onun sözlərinə görə, komissiya tərəfindən 36 cilddən və 3500 səhifədən ibarət sənəd hazırlanıb. Sənəd üzərində ciddi iş getdiyini deyən tarixçi bu sənədin beynəlxalq məhkəməyə təqdim olunacağını da deyib.

Tədbirdə qəmli notlara köklənmiş mahnılar ifa olunub, şeirlər səslənib. Bununla yanaşı, tədbirdə 1 saylı İngilis dili fakültəsinin 304-cü qrup, eyni zamanda I kurs tələbələrinin, eləcə də Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin ifasında tamaşa-kompozisiya da nümayiş olunub. Kompozisiyada 1992-ci il hadisələri və Xocalı soyqırımından bəhs olunub. Tamaşa ölkədə mövcud olan ictimai-siyasi durum, ölkə rəhbərliyinin yarıtmaz siyasəti, ermənilərin Xocalıda törətdikləri vandalizm hərəkətlərini və xalqımızın şücaətini özündə əks etdirib. Tədbir vətənpərvərlik ruhunu özündə ehtiva edən mahnının səslənməsi ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə