Paşinyan Qarabağ dalanına dirənib

Paşinyan Qarabağ dalanına dirənib

Samvel Babayan: “Danışıqlar prosesi ilə bağlı maraqlı situasiya yaranıb”

Qondarma “DQR”in sabiq “müdafiə naziri” Samvel Babayan Nikol Paşinyanın Qafanda erməni ictimaiyyətində ajiotaj və qalmaqal yaradan çıxışına münasibətini bildirərkən deyib ki, o, işğal olunmuş əraziləri qaytarmaq üzrədir.

“Ermənistan baş nazirinin öncəki hakimiyyətlər tərəfindən ona ötürülmüş danışıqlar prosesi ilə bağlı verdiyi bəyanatı ətrafında maraqlı situasiya yaranıb. Nəhayət ki, dövlət başçısının – Ermənistanın danışıqlar aparmaq üzrə əsas şəxsinin ağzından belə bir ifadə səsləndi ki, bütün “azad” (dırnaqlar bizimdir-R.R.) olunmuş ərazilər təhvil veriləcək və hər üç prezident məhz bu kontekstdə danışıqlar aparıblar”, deyə separatçının bəyanatında bildirilir.

“Paşinyan torpaqların təhvil verilməsi şərti ilə imza atmalı olacaq”

Lakin bununla yanaşı Babayan bildirib ki, əgər Ermənistanda inqilab olmasaydı, yalnız bufer ərazilər deyil, Qarabağın özü də bütünlüklə təhvil veriləcəkdi. “Nikol Paşinyanın məxməri inqilabının əsas xidməti ondadır ki, Serj Sarkisyanın Madrid əsaslarında apardığı danışıqlar və torpaqların verilməsi prosesi dayandırıldı”, Babayan bəyan edib ki, buna baxmayaraq, danışıqlar prosesi bərpa olundu və yenə də Madrid prinsipləri əsasında. Onun sözlərinə görə, hazırda Paşinyan dalana sıxışdırılıb və o danışıqlar prosesini bu şəkildə davam edərsə, bu zaman torpaqların təhvil verilməsi şərti ilə imza atmalı olacaq.

“Madrid sənədində ikimənalı traktovka və formulaların dəyişdirilməsi təklifi nə qədər qəribə görünsə də razılaşdırılıb”

“Əgər danışıqlardan imtina edərsə, bu daha öncəki hakimiyyətlərin torpaqların qaytarılması ilə bağlı Azərbaycana verilmiş sözə əməl etməməsi mənasını daşıyacaq, sözsüz ki, müharibəyə təhrik edəcək. Nə birinci, nə də ikinci ssenari bütün erməniçilik üçün yolverilməzdir...”, deyən Babayan xatırladıb ki, Paşinyanın Qarabağ “hakimiyyəti” ilə birgə keçirdiyi Təhlükəsizlik Şurasının iclasında baş nazirin Madrid sənədində ikimənalı traktovka və formulaların dəyişdirilməsi təklifi nə qədər qəribə görünsə də razılaşdırılıb.

“Bu gün danışıqlarda diktə edən Azərbaycandır və bu, öncəki hakimiyyətlərin təqsiri səbəbindəndir, eləcə də Qarabağın əvvəlki və hazırkı “hakimiyyətləri” də günah sahibidirlər”, deyə separatçıların sabiq “müdafiə naziri” bildirib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə