AŞPA Ermənistan jurnalistlərinə qarşı təzyiqlərdən nəyə görə söhbət açmır? FAKTLAR
Yaxud, Paşinyan iqtidarının KİV-lərə və jurnalist hərəkatlarına qarşı təziyqləri – faktlar, sübutlar
Zaman-zaman Azərbaycanın söz və ifadə azadlığına, KİV-lərin müstəqil, azad fəaliyyətinə qarşı böhtan və qərəz yanaşmaları edən AŞPA-nın bu dəfə eyni tərzdə çıxış etməsi, hesabat yayması söz yox ki, bu sahədə fəaliyyət göstərən jurnalist cameəsini də hiddətləndirir. Biz, elə də uzağa getməyərək, işğalçı və təcavüzkar ölkənin əvvəlki iqtidarını deyil, məhz Paşinyan hakimiyyətinin söz və ifadə azadlığına qarşı sərt davranışlarını, jurnalistləri, bloqerləri, ictimai fəalları təqiblərə məruz qalmasını xatırlada bilərik. Təkcə ötən il Ermənistanda onlarla təqib, təhdid, hücum faktları baş verib ki, onlardan bir neçəsini bir daha diqqətə çatdırmaq istərdik.
Bloqer Artur Danielyan: “Bizim aktivistlər heç bir əsas olmadan polisə aparılır, saxlanılır, onlara qorxu atmosferi yaşadılır”
Misal üçün, ötən ilin yayında “Adekvad” ictimai təşkilatının təsisçisi, bloqer Artur Danielyan bəyan edib ki, onun təşkilatının fəalı Adamyanın evinə edilmiş hücum, o cümlədən polis tərəfindən “Adekvad”ın 11 fəalının saxlanılması hakimiyyətin adıçəkilən jurnalist hərəkatının yolunun kəsilməsinə qarşı başladılan fəaliyyətdir.
SİA-nın məlumatına görə, Danielyan əlavə edib ki, mövcud təxribatlar barədə onlara çoxdan xəbərdarlıqlar edilib: “Hərəkatımıza qarşı növbəti hücum da bunu təsdiq edir. Bizim aktivistlər heç bir əsas olmadan polisə aparılır, saxlanılır, onlara qorxu atmosferi yaşadılır. Bütün bunlar aşkar manipulyasiyalardır”.
Bundan öncə isə, “Adekvad” hərəkatı bəyanat yaymışdı ki, 2019-cu ilin 9 iyuna keçən gecəsində təşkilatın 11 fəalı polis tərəfindən saxlanılmışdı. Məlumatda bildirilmişdi ki, bu günlərdə baş nazir “qara geyimli şəxslərə” hədə yağdırıb ki, bu da “Adekvad”ın bir müddət əvvəl qara futbolkalardakı yürüşü ilə bağlı verilən siqnaldır. Ona görə də, hərəkat fəallarına qarşı hakimiyyət tərəfindən sərt təhdidlərə başlanılıb.
Jurnalistlər Birliyinin sədri Satik Seyranyan: “Paşinyan əvvəlki hakimiyyətin tərzi hərəkətinə uyğunlaşdı və eyni ruhda da davam edir”
Daha bir fakt isə Jurnalistlər Birliyinin sədri Satik Seyranyannın ötən il ölkədəki təzyiqlərlə bağlı verdiyi açıqlamasıdır. “Hakimiyyət yüksək tribunalardan Ermənistanda azad söz və mətbuat azadlığı barədə bəyanatlar verir, amma faktlar tamamilə əksini deyir”, bildirən Seyranyan qeyd edib ki, hazırda (təlcə 2019-cu ilin yayına qədər-R.R.) mətbuata qarşı 90-dan çox iddia qaldırılıb və bu vaxta qədər belə bir şey heç zaman baş verməmişdi. Hətta Serj Sarkisyan dönəmində bu cür hallara az-az rast gəlinirdi: “Hər bir dövrdə hakimiyyət söz azadlığına qarşı müəyyən tədbirlər görüb. Biz jurnalistlərə qarşı təzyiqlər və sair də görmüşük. Lakin biz gözləyirdik ki, bizim həmkarımız Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra mətbuata tamam başqa yanaşma nümayiş etdirəcək. Amma əfsus ki, o da əvvəlki hakimiyyətin tərzi hərəkətinə uyğunlaşdı və eyni ruhda da davam edir”
Jurnalistlər İttifaqının sədri vurğulayıb ki, yüksək səviyyəli beynəlxalq tribunalarda hakimiyyət orqanları Ermənistanda görünməmiş söz və mətbuat azadlığının olduğunu elan edirlər, amma faktlar tamamilə başqa şeydən xəbər verir və bunun əksini təsdiq edir.
Seyranyanın sözlərinə görə, söz və mətbuat azadlığına edilən bu hücumlar təkcə mətbuat və media üçün deyil, həm də ictimaiyyət və siyasətçilər üçün bir işarə, bir siqnal olmalıdır.
“Joxovurd” qəzetinin baş redaktoru Knar Manukyan: “Burada hər şeyi alt-üst ediblər, mənim kabinetimdə xaos hökm sürür”
Digər bir fakt isə 2019-cu ilin sonlarına yaxın - dekabrın 19-na keçən gecə naməlum şəxslərin Ermənistanın “Joxovurd” qəzetinin redaksiyasına basqın etməsi ilə bağlıdır. Bu barədə informasiya yayan Rusiyanın TASS agentliyi xəbər verib ki, hadisə barədə nəşrin baş redaktoru Knar Manukyan danışıb.
“Burada hər şeyi alt-üst ediblər, mənim kabinetimdə xaos hökm sürür. Mənə elə gəlir ki, naməlum şəxslər nəsə axtarıblar. Bunun nə olduğunu deyə bilmərəm, lakin bu qarət cəhdi deyil, çünki bütün qiymətli əşyalar yerindədir”, - Manukyan deyib.
Bütün bunlar mövcud faktların yalnız çox cüzi hissəsidir və Ermənistanda KİV-lərə, KİV nümayəndələrinə qarşı belə halların baş verdiyi halda, bu ölkəyə qarşı gedən ağır söz deməyən AŞPA, istərsə də digər bəlli qurumların davranışlarının kökündə birmənalı olaraq qərəzin dayanması şübhəsizdir. Ona görə də, artıq əminliklə deyə bilərik ki, zaman-zaman Azərbaycana qarşı bənzər şər-böhtançı addımlara gedən AŞPA həmion baxşlarını ya dəyişməli, ya da Avropanın bir çox siyasi və s. məsələlərində söz sahibi olan Azərbaycana yönəlik fəaliyyətinə yenidən nəzər salmalıdır. Çünki həqiqəti qoyub, yalan, böhtan yaymaq bu təşkilatın get-gedə düşən nüfuzuna daha bir silinməz ləkə vurur!
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB