Lənkəran Dövlət Universitetində 31- mart azərbaycanlıların soyqırımının anım mərasimi keçirilib

Lənkəran Dövlət Universitetində 31- mart azərbaycanlıların soyqırımının anım mərasimi keçirilib
Lənkəran Dövlət Universitetində 31- mart azərbaycanlıların soyqırımının anım günü keçirilib. Universitetdən SİA-ya verilən məlumata görə, tədbirin əvvəlində universitetinin professor-müəllim heyəti və tələbələr Lənkəran mərkəzində ucaldılmış soyqırımı qurbanlarının xatirə kompleksinin önünə gələrək əklil qoyublar.

Tədbir universitetdə davam etdirilərək, soyqırımı qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Universitetin rektoru, fizika, riyaziyyat elmlər doktoru, professor Asəf İsgəndərov tədbiri açaraq erməni millətçilərinin əsassız iddialarından, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlətçiliyimiz naminə apardığı haqq işdən danışaraq bildirib ki, ölkə başçısının rəhbərliyi ilə ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasına nail olacağıq.

Universitetin Tarix və fəlsəfə kafedrasının baş müəllimi Kamal Mahmud "Azərbaycanlıların soyqırımı əsrlərin faciəsidir" mövzusunda məruzə edərək bildirib ki, soyqırımı hadisələri Lənkərandan da yan keçməyib, 1918- ci il mart - aprel aylarında qəzada 40- dək kənd yandırılıb, günahsız insanlar qətlə yetirilib. Həmin illərdə rayonun Kəngəlan, Gərmətük, Sütəmurdov, Şıxəkəran, Xolmili və digər kəndlərində görünməmiş talanlar və qırğınlar törədiblər.

Universitetin dosenti, filologiya elmlər namizədi, Prezident təqaüdçüsü Hacı Mirşahin Talışlı, Lənkəran Ağsaqqallar Şurası sədrinin müavini, universitet valideynlər şurasını sədri Sərhad Məmmədov, universitetin müəllimi Natiq Mirzəyev, tələbələrdən Şəbnəm Quluzadə, Kəmalə Mövsümzadə, Azad Hüseynzadə və başqaları çıxış edərək hadisələrə münasibətini bildirərək qeyd ediblər ki, soyqırımı qurbanlarının xatirəsi xalqımızın yaddaşından heç vaxt silinməyəcək.

Universitetdə soyqırımı qurbanlarının xatirəsini əks etdirən kitab sərgisi açılıb. Martın 31-də universitetdə ilk dərslər azərbaycanlıların soyqırımına həsr edilib. Soyqırımı haqqında Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırılması üçün LDU-da virtual aksiya keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə