İstiqlal Muzeyinin ekspozisiyasında 31 Mart soyqırımının 93-cü ildönümü ilə əlaqədar konfrans keçirilib

İstiqlal Muzeyinin ekspozisiyasında 31 Mart soyqırımının 93-cü ildönümü ilə əlaqədar konfrans keçirilib
Bu gün Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında 31 Mart soyqırımının 93-cü ildönümü ilə əlaqədar konfrans keçirilib. SİA-nın məlumatına görə, konfransda muzeyin direktoru Fəridə Şəmsi, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, tarix kafedrasının müdiri Firdovsiyyə Əhmədova, əməkdar elm xadimi Süleyman Əliyarlı, Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi Solmaz Rüstəmova iştirak ediblər.

İlk olaraq çıxış edən muzeyin direktoru F. Şəmsi bildirib ki, bu konfransı keçirməkdə əsas məqsəd bu soyqırım haqqında gənc nəsli daha da bilgiləndirməkdir: "Tarixin hələ tam açılmamış səhifələrindən biri olan bu soyqırım hadisəsi xalqımıza qarşı dəfələrlə törədilən kütləvi qətl kimi qiymətləndirilməlidir. Tarixi faktlar təsdiq edir ki, son iki əsrdə azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş bu soyqırım siyasəti nəticəsində soydaşlarımız qədim Azərbaycan torpağı olan, indi Ermənistan adlandırılan öz doğma torpaqlarından didərgin salınıblar".

F. Şəmsinin çıxışının ardınca isə rəsmi arxiv sənədlərinə əsaslanan 31 Mart soyqırımından bəhs edən sənədli film nümayiş olunub.

Daha sonra çıxış edən Firdovsiyyə Əhmədova vurğulayıb ki, 1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində ermənilərin törətdikləri qırğınlardan 93 il ötməsinə baxmayaraq bu vəhşiliklər xalqın qan yaddaşında əbədi iz buraxıb: "Ötən əsrin əvvəllərindən başlayaraq ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri aramsız soyqırımı və deportasiya siyasəti 1918-1920-ci illərdə xüsusən genişlənib və Azərbaycan xalqının yer üzündən tam silmək kimi iyrənc niyyətlərini bütün çılpaqlığı ilə üzə çıxarıb".

Konfransın davamında tədbirdə iştirak edən nümayəndələr soyqırım haqqında ətraflı şəkildə öz fikirləri bölüşüblər.

Qeyd edək ki, tədbirdə həmçinin Prezident Qvardiyasının əsgərləri, Ali Hərbi Dənizçilik məktəbinin kursantları, Bakı Turizm İnstitutunun tələbələri də iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə