Yaqub Mahmudov: “Azərbaycan elmi ilə hüququnu birləşdirib erməni faşizmini ifşa edə biləcəyik” - MÖVQE

Yaqub Mahmudov: “Azərbaycan elmi ilə hüququnu birləşdirib erməni faşizmini ifşa edə biləcəyik” - MÖVQE
"Erməni faşizminin anatomiyasını ortalığa qoyaraq 100 ildən çox müddət ərzində bizlərə qarşı həyata keçirilən məqsədyönlü, planlı, qabaqcadan düşünülmüş, azərbaycanlı-türk olduğumuz üçün bizi məhv etmək siyasətini hüquqi sənədlər halına salmaq lazımdır. Bu hüquqi sənədlərin isə elmi əsası olmalıdıdır". SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru Yaqub Mahmudov deyib. O bildirib ki, ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımları ilə əlaqədar Moskva, Sankt-Peterburq, Paris, London, Dehli, İstanbul və Ankara arxivlərindən minlərlə sənəd toplanılıb. Onun sözlərinə görə, bu sənədlərin hamısı Cənubi Qafqazda türksüz böyük Ermənistan yaratmaqdan ötrü məqsədyönlü siyasət aparıldığını sübut edir.

Əldə olunan sənədlərin istintaq araşdırmasına böyük ehtiyac olduğundan baş prokuror Zakir Qaralovla danışıqların aparıldığını deyən Y.Mahmudov vurğulayıb ki, Tarix İnstitutu ilə Baş Prokurorluq arasında əldə olunan razılaşmaya əsasən, birgə elmi istintaq araşdırma qrupu yaradılıb. Bu qrupun ötən ilin may ayından fəaliyyət göstərdiyini deyən tarixçi qeyd edib ki, araşdırmanın məqsədi Azərbaycan torpağından bizə qarşı soyqırımların başladığı gündən – XIX əsrin əvvəllərindən Xocalı soyqırımına və Sumqayıt hadisələrinin hamısının elmi əsasda hazırlamaq, istintaq araşdırmalarını aparıb hüquqi sənəd şəklində bütün dünyaya yaymaq, Beynəlxalq Haaqa Məhkəməsinə göndərmək və dünyada erməni faşizmini ifşa etməkdən ibarətdir: "1992-ci ildən çalışıram ki, xocalılılar hələ həyatdan köçməmiş hüquq sənəd hazırlayıb dünyaya yayaq. Amma hələki buna nail olmamışıq. İndi isə Baş Prokurorluqla razılıq əldə olunub. Bütün bu məsələlərin hamısını elmi sənədlərlə biz əsaslandırır, onlar isə istintaq araşdırmaları aparır. Biz bu yolu çoxdan getməli idik. Erməni faşizminin insan öldürmək texnologiyasının dünyada analoqu olmayıb. Bu gün Azərbaycan elmi ilə hüququnu birləşdirib erməni faşizmini ifşa edə biləcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə