“Köhnə hamam, köhnə tas” xarakterli xaraktersizlik TƏRS BAXIŞ

Yaxud, AŞPA gəldi, “əzabkeş” radikallar daha da “məzlumlaşdı”

Radikal müxalifət “liderlərinin” xaraktersizlikləri onların özlərini xarici təşkilatlar qarşısında “erməni xəstəliyi simptomu” kimi tanınan “əzabkeş” və “məzlum” kimi tanıtmaları bu dəfə də sübuta yetdi. Əslində AŞPA-nın seçki missiyasının Bakiya səfəri zamanı onların müxalifət təmsilçiləri ilə görüş keçirmələrində təəccüblü heç nə yoxdur. Yəni xüsusilə, seçkiöncəsi zamanı belə görüşlərin keçirilməsi demokratik mühitin tərkib hissəsi kimi anlaşılmalıdır. Amma...

Ağlaşma qurmaları həqiqətən də ictimai rəydə onlara qarşı istehza baxışlarını daha da gücləndirdi

Amma sözügedən görüş əsnasında seçkiyə gedən müxalifətçilərlə yanaşı, seçkiyə getməyən müxalifətçilərin, yəni öz təbirlərincə “boykot taktikası” tətbiq edib, belə bir əhəmiyyətli prosesdə iştirak etməkdən boyun qaçıran, əslində isə zəifliklərini etiraf edən fərdlərin ətəklərini başlarına çəkərək, sözün əsl mənasında ağlaşma qurmaları həqiqətən də ictimai rəydə onlara qarşı istehza baxışlarını daha da gücləndirdi.

Məsələ ondadır ki, AŞPA-nın seçki missiyası ilə görüşdə məhz və məhz dövlətçilik maraqlarına qarşı sifarişli siyasət həyata keçirən partiyalar və qurumlar iştirak ediblər. Müsavat partiyasının başqanı, namizədliyi qeydə alınsa da, hələ də narazılıq edən, öz partiyasının qurultayında saxtakarlıq yolları ilə başqanlıq kürsüsünü ələ keçirən Arif Hacılı, “boykotçuluq” və siyasi həyasızlıq nümunəsinin bariz təcəssümçüsü, AXCP sədri Əli Kərimli, həbsdən azadlığa çıxar-çıxmaz Qərb dairələrinə minnətdarlıq edən və özünə “Haqq-Ədalət Partiyası” adlı təşkilat yaradan Əli İnsanov, “ReAl” partiyasının hərdəmxəyal sədri İlqar Məmmədov və əlbəttə ki, destruktiv düşərgənin “primadonnası”, harada aş, orada baş olan “Milli Şura”nın koordinasiya mərkəzinin üzvü Gültəkin Hacıbəyli!

Necə deyərlər, “molla aşı qarasız yeməz”...

Söz yox ki, AŞPA əvvəlcədən onları məlumatlandırmaqla bildirib ki, görüşün məQsədi və mövzusu seçkiqabağı vəziyyət, namizədlərin irəli sürülməsi, qeydə alınması ilə bağlıdır və belə bir mövzuda radikallara nə lazımdır? Necə deyərlər, “molla aşı qarasız yeməz” məsəli kimi.

Yeri gəlmişkən, əgər mövzu həqiqətən də seçkilərlə bağlı olubsa, orada seçkilərə qatılan müsavatçıları və “realçıları” çıxmaq, bəlkə də çıxmamaq şərti ilə seçkilərə qatılmayan cəbhəçilərlə nisanovçuların hansı maraqları dayanıb? Çünki mətbuatdan da öyrəndiyimiz kimi, mövzulardan biri də namizədlərin irəli sürülməsi və qeydə alınması mərhələsində guya ki, müşahidə olunan “qanun pozuntuları” və digər (?-R.N.) məsələlər də olub. Baxın, ölkədə həm hakimiyyəti təmsil edən, həm müstəqil, həm də müxalifətçi namizədlərin təbliğat-təşviqat işləri aparılır, bütün namizədlər bu prosesdə azad, sərbəst iştirak etməklə yanaşı, həm də MSK tərəfindən yaradılan imkanlardan maksimum şəkildə istifadə edirlər, heç bir şikayət və s. kimi hallar baş verməyib, amma bunlar AŞPA-nı görər-görməz dərhal üz-gözlərini cırıb, yaxalarını dartıblar.

AŞPA-nın seçki missiyası onlara sual edibmi ki..?

Maraqlıdır ki, görəsən AŞPA-nın seçki missiyası seçkiləri “boykot” edən Əli Kərimliyə, Gültəkin Hacıbəyliyə sual edibmi ki, onların və yandaşlarının bu addımları mövcud situasiyaya heç bir təsir göstərə bilməz? Yaxud, anlada bilibmi ki, həmin “taktika” əslində onların zəifliklərinin, uğursuzluqlarının məntiqi sübutudur? İnanırıq ki, onlara belə bir sual verilməyib, əksinə, Azərbaycanın demokratik seçki mühitinə qarşı əsassız, məntiqsiz, sübutsuz, dəlilsiz “kompromatlar” toplanılıb ki, sonradan, yəni seçkidən sonra dərhal digər bir Avropa qurumu – ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu həmin “kompromatları” qərəzlə xalqın üzünə oxusun. Amma bütün bunlar əbəsdir. Çünki xalq kimin-kim olduğunu çoxdan və əla bilir, bundan sonra da biləcək...

Arif Hacılı nəyə görə etiraf etmir ki, partiyadaxili seçkilərdə saxta, yalan, şərh-böhtançılıq yolları ilə “başqan” olub?

Qaldı ki, Müsavatın saxta yollarla başqanlıq kürsüsünü ələ keçirən, hazırda da adı siyasi mühacir biznesində hallanan “başqanı” Arif Hacılıya və onun Avropanın seçki missiyası qarşısındakı ağlaşmalarına - bax ona bir sual ünvanlamaq lazımdır ki, Arif Hacılı, sənin qarşına siyasəti biznesə çevirən onlarla faktlar qoyulsa da, bunları təkzib etməklə nəyə nail olmaq istəyirsən? Nəyə görə etiraf etmirsən ki, sən partiyadaxili seçkilərdə saxta, yalan, şərh-böhtançılıq yolları ilə “başqan” olmusan? Bəlkə ömründə bircə dəfə namərdlik etməyib də, dürüst danışasan? Bizcə bu da olmayacaq. Ona görə ki, dürüst olmayanlar bu dəfə də bir “dam” altında oturub, bir-birlərinin nəfəslərini çəkiblər ciyərlərinə. Necə deyərlər, bir ağızdan ağlaşıblar. Ağlaşsınlar görək haraya qədər ağlaşacaqlar...

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...