YAP Oğuz rayonunda təbliğat kampaniyasını uğurla davam etdirir FOTOLAR

Yanvar ayının 24-də 117 saylı dairədən deputatlığa namizəd Aqiyə Naxçıvanlı rayonun Bucaq və Calut kəndlərində seçicilərlə görüş keçirib. Görüşdə Aqiyə Naxçıvanlını təbliğat-təşviqat qrupunun üzvləri - Yeni Azərbaycan Partiyasının Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, vəkilləri, rayon Ağsaqqallar Şurasının sədri Cuma Cumayev, Emin Əzimli, Elşən Alcansoy müşayiət ediblər.

Görüşdə çıxış edənlər ölkədə reallaşdırılan quruculuq işlərindən, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən siyasətdən, əldə edilən davamlı, dinamik uğurlardan, reallaşdırılan çoxşaxəli islahatlardan bəhs edərək, bütün bu reallıqların ölkəmizi daha böyük zəfərlərə apardığını bildiriblər.

Eyni zamanda, sakinlərə Aqiyə Naxçıvanlının indiyə qədərki fəaliyyətindən və qarşıda görüləcək işlərdən danışılıb, onların istək və təklifləri dinlənilib, qayğı və problemləri ilə maraqlanılıb.
Seçicilərlə səmimilik və qarşılıqlı etimad şəraitində baş tutmuş görüş zamanı Aqiyə Naxçıvanlı ölkədəki sabitlik, dayanıqlı inkişaf və islahatlar, eləcə də Yeni Azərbaycan Partiyasının seçkilərdəki platforması barədə geniş məlumat verərək, bütün bunların əsasında xalq və dövlətçilik maraqlarının dayandığını vurğulayıb.

Görüşdə Bucaq kəndinin ağsaqqalı Müseyib Musayev söz alaraq, Aqiyə xanımın valideynləri - atası Həbib Naxçıvanskinin, anası Səriyyə müəllimənin ilk dəfə olaraq məhz Bucaq kəndində pedaqoji fəaliyyətə başlamalarından, Bucaq və ətraf kəndlərin neçə-neçə nəsil şagirdlərinin layiqli vətəndaş kimi yetişməsinə böyük əmək sərf etdiklərindən danışaraq, Həbib müəllimlə bağlı xatirələrini bölüşüb. Həmçinin Aqiyə xanımın universiteti bitirdikdən sonra doğma rayonda məsul vəzifələrdə çalışdığından, onun elə o dövrdəki əzmkarlığından və bu ailənin rayonun inkişafına verdiyi töhfələrdən söhbət açıb.

Bucaq kəndindən olan seçicilər - Sahib İmamverdiyev, Araz Rəşıdov, eləcə də Calut kənd seçiciləri Vilayət Həsənov, Lətif Abbasov, Vidadi Həsənov, Günel İbrahimova və Yolçu Hüseynov çıxış edərək, Prezident İlham Əliyev cənablarının həyata keçirdiyi siyasəti, islahatlar prosesini müdafiə etdiklərini və Onun ətrafında sıx birləşdiklərini ifadə edərək, fevralın 9-da keçiriləcək parlament seçkilərində fəal olacaqlarını, YAP-ın namizədinə dəstək verəcəklərni birmənalı olaraq vurğulayıblar.

Təbliğat-təşviqat kampaniyası uğurla davam edir.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə