Türkiyənin Azərbaycandakı səfirliyində azərbaycanlıların soyqırımına həsr olunmuş filmin təqdimatı keçirilib
Türkiyənin Azərbaycandakı səfirliyində azərbaycanlıların soyqırımına həsr olunmuş filmin təqdimatı keçirilib. SİA-nın xəbərinə görə, film TRT tərəfindən hazırlanıb. Tədbirdə çıxış edən TRT Bakı təmsilçisi Yüksel Değercan filmdə hisslərə yol verilmədiyini və filmdəki nüansların tarixi faktlara əsaslandığını qeyd edib. Daha sonra 31 Mart soyqırımına həsr edilən 35 dəqiqəlik "Nə üçün qətl edildik" sənədli filmi nümayiş olunub. Filmdə 20-ci əsrin əvvəlindən ermənilərin Azərbaycan türklərinə qarşı törətdiyi soyqırımlar tarixi faktlara əsaslanaraq nümayiş olunub. Filmdə 1905, 1907, 1918, 1990,1992 ci illərdə törədilən qətllər barəsində geniş məlumat verilir.
Filmin təqdimatından sonra çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç Türkiyənin hər zaman Azərbaycanın yanında olacağını deyib: "Türkiyə 1990-cı illərin əvvəlindən Ermənistanla sərhədlərini Azərbaycanla qardaşlığı üstün tutduğu üçün bağlayıb. Türkiyə hər zaman Azərbaycanın yanında olub və olacaq. Biz tariximizə sahib çıxmalıyıq. Tariximizi dərindən öyrənməliyik. Azərbaycanla Türkiyənin birləşməsi diaspor fəaliyyətində öz əksini tapmalıdır. 1 millətin 2 diasporu ola bilməz. Mətbuat nümayəndələri bu birliyin yaranmasında xüsusi yer tutmalıdır, onların üzərinə böyük iş düşür".
Millət Vəkili Qənirə Paşayeva bu cür filmlərlə dünyanın hər yerindəki türklərə bu soyqırım faciəsini çatdırmağın önəmli olduğunu bildirdi: "Filmdə ötən əsrin əvvəllərindən başlayaraq Azərbaycan xalqına qarşı törədilən cinayətlər öz əksini tapır. Yeganə Türkiyə səfirliyidir ki, insanlığa qarşı təcavüz kimi qiymətləndirilən 31 mart soyqırım gününü Azərbaycanla birgə keçirir. Bu da iki ölkə arasında mövcud olan qardaşlığın sübutudur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB