Beynəlxalq koalisiya qüvvələri Liviya lideri Müəmmar Qəddafinin hökumət qüvvələrinə qarşı hərbi əməliyyatlarını getdikcə genişləndirir.
SİA-nın xarici mənbələrə istinadən gəldiyi qənaət budur ki, Qərbin hərbi dəstəyini alan üsyançıların məqsədi Liviyanın indiki hakimiyyətini devirməklə ölkədə nəzarəti ələ keçirməkdir. Koalisiya qüvvələrinin havadan dəstəyi ilə quru əməliyyatlarını genişləndirən və ölkənin qərbindən başlayaraq şəhərləri bir-birinin ardınca ələ keçirən üsyançıların "hakimiyyətini" tanıyan ölkələr belə tapılıb. Qətərin ardından Fransa və Portuqaliya da Liviya xalqının legitim və vahid hakimiyyəti kimi üsyançıları tanıyıblar. Bununla yanaşı, üsyançıların kimliyi və oynadığı rol, gələcəkdə Liviyanı hansı istiqamətə sürüyəcəyi az adama məlumdur. Üsyançıların özləri dünənə kimi özlərini demokratiya uğrunda mübariz kimi qələmə verirdilər. Liviya lideri Müəmmar Qəddafinin onları "Əl-Kaida"nın terrorçuları adlandırması maraqlı tərəfləri düşünməyə vadar edib.
2008-ci ildə WikiLeaks saytı ABŞ-ın Tripolidəki səfirliyindən Ağ evə ünvanlanan diplomatik sənədi üzə çıxaranda bu gün Liviyada baş verən hadisələrə düz 3 il qalırdı. Həmin sənəddə deyilirdi ki, Liviyanın şərq hissəsi islamçıların bütün dünyada aparacaqları cihad üçün şəhid hazırlayan mərkəzinə çevrilib. Benqazi və Derna şəhərlərinə Əfqanıstan və Pakistanda xüsusi təlim keçmiş ərəb döyüşçüləri qayıdır. Onlar burada Qəddafi hakimiyyətinə və İraqda amerikalılara qarşı sona qədər mübarizə aparılmasının vacibliyini təbliğ edirlər.
Bundan əvvəl – 2007-ci ildə MIGnews informasiya saytının yaydığı məlumatda deyilirdi ki, İraqda cihad edənlərin 41 faizini Səudiyyə Ərəbistanından, digər hissəsini Liviya qruplaşmasından, xüsusən də Benqazi-Derna-Tobruk üçbucağından olanlar tutur. Ölkələrə yox, şəhərlərə baxsaq, onda İraqa gələn ərəb döyüşçüləri arasında Dernadan gələnlərin üstünlük təşkil etdiyini görərik – 52 nəfər. İkinci yeri Ər-Riyad tutur. Nəzərə alsaq ki, Liviyanın əhalisi Səudiyyə Ərəbistanının əhalisindən dəfələrlə azdır, eyni zamanda Dernanın 80 minlik əhalisi Ər-Riyadın 4 milyonluq nüfuzu ilə müqayisə oluna bilməz, onda 52 rəqəmi böyük rəqəm sayılmalıdır.
Bir faktı da qeyd edək ki, Liviyanın adıçəkilən üsyançı şəhərləri – Benqazi və Derna uzun müddətdir ki, islamın radikal qanadının mərkəzləri kimi tanınırlar. Hətta 1990-cı ildə Qəddafiyə qarşı başlanmış üsyanların önündə bu şəhərlər gedib. Hər iki şəhər Liviya İslam Hərbi Qrupunun (LIFG) dayaq məntəqəsi sayılır ki, bu qrup da 2007-ci ildə rəsmi olaraq "Əl-Qaidə"nin tərkibinə keçib.
ABŞ-ın analitik informasiya mərkəzi STRATFOR-un məlumatına görə, Liviyanın Serenaika adlanan şərq bölgəsi və xüsusən də onun mərkəzi Benqazi şəhəri mərkəzi hakimiyyətə təsir etmək, öz dominatlığını göstərmək üçü müxtəlif cəhdlər edib. Əlbəttə bu bölgədə əsas qüvvə Harabi tayfası sayılıb. Harabilər də Liviya İslam Hərbi Qrupunun tərkibini formalaşdırıb, həmçinin 1842-ci ildə yaranmış Sanussi sufi ordeni də onların təşkilatçılığı ilə yaradılıb. Onlar həmişə mühafizəkar, antiQərb mövqeləri ilə seçiliblər. 1969-cu ildə polkovnik Qəddafi tərəfindən devrilən Liviya kralı İdriss də Harabi tayfasından olub. Heç təsadüfi deyil ki, bu gün üsyan edən hakimiyyət əleyhdarlarının qaldırdığı bayraq Kral bayrağıdır. Üsyançıların indiki lideri, keçid hökumətinin rəhbəri Mustafa Abdul Cəlil də Benqazidən – Harabi tayfasındandır.
Bu arada Mustafa Abdul Cəlil açıqlamasında bildirib ki, üsyançıların əksəriyyəti, xüsusən də komandirlər "Əl-Qaidə"nin üzvləridir. Onlar İraqda döyüşüblər, amerikalılar tərəfindən tutularaq Quantanamo həbs düşərgəsinə aparılıblar, sonra isə "ağıllandıqlarına" görə Liviyaya təhvil veriliblər. İki aydan sonra isə sərbəst buraxılıbıar.
Maraqlıdır demək olar ki, bütün dünyada "əl-qaidə"çi ovuna çıxan ABŞ onları sərbəst buraxıb və qısa müddətdən sonra Liviyada baş verən üsyana rəhbərlik etməyə başlayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB