Baş nazir Azərbaycanın dəstəyini alqışlayır

Baş nazir İmran Xan, Cammu və Kəşmir mövzusunda ölkəsinin dəstəyinə görə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Əlaqə Qrupunun üzvü olaraq Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib. SİA xəbər verir ki, bu barədə Pakistana məxsus mətbuat orqanı kmsnews.org (Kashmir Media Service) məlumat yayıb.

Məlumata görə, Pakistanın baş naziri İmran Xan bu fikirləri Dünya İqtisadi Forumunun İsveçrənin Davos şəhərində keçirilən illik toplantısı çərçivəsində Prezident Əliyevlə görüşü zamanı dilə gətirib.
Həmçinin sözügedən mətbu orqanda qeyd olunur ki, iki lider qarşılıqlı etimad və dəstəklə ifadə olunan ikitərəfli münasibətlərin bütün spektrini müzakirə ediblər. Baş nazir, Hindistanın işğal edilmiş Jammu və Kəşmir bölgəsindəki ağır və sistemli insan haqları pozuntuları, habelə Hindistan Hökumətinin 5 avqust 2019-cu il tarixli birtərəfli və qanunsuz hərəkətlərinin dağıdıcı təsiri barədə Prezident Əliyevə məlumat verib.

Kashmir Media Service Pakistanın Dağlıq Qarabağ məsələsində Azərbaycana dəstəyini İmran Xanın bir daha vurğuladığını yazır. Qeyd olunur ki, tərəflər milli məsələlərlə bağlı qarşılıqlı şəkildə dəstəklədiklərini ifadə ediblər və bütün sahələrdə ikitərəfli əlaqələrin daha da dərinləşməsi, o cümlədən ən yüksək səviyyədə davam etdirilməsi barədə razılıq əldə olunub.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə