Niyaməddin Orduxanlı: “Müxalifət plagiatlığı sevir və bu gün belə düşünür ki, yaxın Şərqdə baş verən hadisələri Azərbaycanda da tətbiq etmək olar” - DEBAT (SƏS TV)
Yeni Azərbaycan Partiyasının Nərimanov rayon təşkilatının gənclər birliyinin sədriYusif Babanlı və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlının SİA-ya müsahibəsi
- Bu gün Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi həyatındakı rolunu yetərli hesab etmək olarmı?
Yusif Babanlı: - Azərbaycan gəncliyinin istər ölkə daxilində, istərsə də ölkə xaricində Vətənimizi hansı səviyyədə təmsil etdiyi hamının gözü qarşısındadır. Bu gün də cənab prezidentimizin sədri olduğu Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi həmişə öndə gedir. Biz cənab prezidentin ətrafında birləşərək istər səhiyyə, istər idman, istərsə də təhsil sahəsində tək daxildə yox, həm də xaricdə Azərbaycanı layiqincə təmsil edirik. Gənclərimiz Azərbaycanda gedən hərtərəfli inkişafı görür və dəyərləndirir.
Ancaq bununla arxayınlaşmaq olmaz, çünki xarici dövlətlərdə və daxilimizdə elə qüvvələr var ki, bu gün virtual sosial şəbəkələr vasitəsilə hələ kifayət qədər yetkin olmayan, daha çox reytinq dalınca qaçan gəncləri ələ almaqla onlardan istifadə edirlər.. Hər birimizə məlumdur ki, onların sayı da çox deyil. Məsələn, bir qrup gənc sosial şəbəkələrdə gündəlik yazışmalar aparırlar. Onların sayı 5-10 nəfər olsa da, 50-60 ad altında şəbəkələrə daxil olurlar. Ancaq bu gün gənclərimiz arasında da regional hadisələri qiymətləndirən və bundan nəticə çıxaranlar çoxdur və onlar Azərbaycanın hərtərəfli inkişafını görürlər. Bu gün gənclər prezidentin ətrafında sıx birləşərək, ölkənin gələcəyini düşünür.
- Ölkədə gənclərə hər bir şərait yaradıldığı halda bəzi gənclərin müxalifətin yalanlarına, onların aksiyalarına qoşulmasının səbəbləri nədir?
Niyaməddin Orduxanlı: - Bu gün Azərbyacan gəncliyini xarakterizə edəndə buna bir çox aspektdən yanaşmaq olar. Təbii ki, Azərbaycanın indiki gəncliyi 20 il bundan öncəki gənclik deyil. Müasir dövrün öz tələbləri var və son 10 ildə texnologiya o qədər inkişaf edib ki, Azərbaycan gəncliyi də bu sahədə özünü göstərir. Bu gün Azərbaycan bir çox sahələrində gənclərlə bağlı müəyyən işlər həyata keçirilir, amma bu yetərincə deyil. Bir çox gənclər var ki, onların müəyyən problemləri olur, ali təhsil alandan sonra işsizlik problemi və digər sahələrdə problemlərlə rastlaşırlar. Bəzi gənclərin siyasi partiyalarda təmsil olunması inkişaf etmiş ölkələrdəki kimi demokratik dəyərlərin göstəricisidir. Təbii ki, hər bir gənc öz seçimini edir və bunun müəyyən partiyalardakı fəaliyyəti ilə göstərir. Ancaq söhbət ondan gedir ki, müxalifətdə olmaqla bərabər Azərbaycanın milli maraqlarının qorunmasında, bir çox məsələlərdə həmrəylik nümayiş etdirilə bilər. Radikal müxalifət düşərgəsi gənclərinin bu səpkidə internet və digər vasitələrlə müraciətləri olur. Bunlar da sırf onların siyasi kursuna uyğun təmsil olunduğu düşərgənin mövqeyini təmsil edirlər. Düşünürəm ki, son vaxtlar bunlar sosial şəbəkələrdə aktivlik nümayiş etdirirlər. Onlar elə düşünürlər ki, Yaxın Şərqdəki prosesləri bu və ya digər formada Azərbaycana da tətbiq etmək olar. Bu gün Azərbaycanda iğtişaşlar yaradaraq inqilablar etmək Azərbaycanın maraqlarına uyğun deyil. Bu, Azərbaycan xalqının iradəsinə ziddir. İnqilab nəinki Azərbaycana, heç bir ölkəyə xeyir gətirmir. Son günlər baş verən hadisələrdən sonra Liviya 40 il bir dövlət olaraq özünə gələ bilməyəcək. Düşünürəm ki, bu gün Azərbaycan xalqına inqilabi çağırış etmək istəyənlər bu xalqın düşmənləridir. Bu kimi iğtişaşlar heç bir ölkəyə müsbət heç nə vəd etmir.
- Sizcə, nəyə görə radikal müxalifətin "gənclər siyasəti" dağıdıcılığa, təxribatçılığa hesablanıb?
Yusif Babanlı: - Çünki, Azərbaycanda təxribat yaratmaq istəyən qüvvələr ölkənin gedən inkişafını gözləri götürmür, bu inkişafa fərqli tərəfdən yanaşırlar. Azərbaycan gəncliyi də bu inkişafı və onlara yaradılan şəraiti çox gözəl bilir. Ona görə də dövlətin, prezidentin ətrafında sıx birləşərək bu aksiyalara hər zaman etirazlarını bildiriblər. Əgər 100 nəfər gənc sosial şəbəkə vasitəsilə gənclərə "11 mart günü" çağırışı edirsə, Azərbaycanın inkişafını, gələcəyini dəstəkləyən 10 minlərlə gəncin həmin sosial şəbəkələrə etiraz məktubları gedir. Hər birimiz bu gün sosial şəbəkələrdən istifadə etdiyimiz üçün bütün bunları görür və lazımi münasibət bildiririk. Bu gün dövlət gənclərimizə bütün sahələrdə etimad göstərib. Bu da Azərbaycan gəncliyinin inkişafı deməkdir. Ulu öndər Heydər Əliyev hər zaman gənclərlə bağlı çıxışlarında deyib: "Azərbaycanın gələcəyi onun gəncliyinin əlindədir".
Bir daha təkrar edirəm ki, gənclər bu inkişafı görür və dövlətçilik ideyası ətrafında birləşərək prezidentin yanındadr. YAP üzvlərinin 40 %-ni gənclər təşkil edir. Bütün sahələrdə prezidentin sədri olduğu partiyaya bir gənc kimi öz layiqli xidmətlərini göstərirlər.
- Sosial şəbəkələrdə iğtişaşlara çağırış edən gənclərin sırasında Ermənistandan olan gənclərin də olduğu qeyd olunur. Bu əməkdaşlıq nə dərəcədə təəssüf və təəccüb doğurur?
Niyaməddin Orduxanlı: - Sözün doğrusu, mən bu haqda eşitməmişəm və bu barədə dəqiq məlumatım yoxdur. Amma düşünürəm ki, istənilən halda sosial şəbəkələrdə bu cür çağırışlar Azərbaycan xalqının mənafeyini əks etdirmir. Bu, radikal müxalifət düşərgəsi gənclərinin öz sədrlərindən aldığı təlimata uyğundur. 11 martda keçirilən aksiyadan 1 ay əvvəl bununla bağlı sosial şəbəkələrdə çağırışlar oldu. Bu mitinqi təşkil dən təşkilatlaçılardan 6 nəfərdən 5-i Azərbaycanda yaşamır. Bunun özündə də təzad var idi ki, bu təşəbbüsdə bulunasan, ancaq özün iştirak etməyəsən. Bu da məntiqə uyğun deyil. Düşünürəm ki, mitinqlərin mütəşəkkil olmamasının əsas səbəbi Azərbaycan xalqının radikal düşərgəyə olan münasibətindən irəli gəlir. Xalq 20 il radikallıq edib müxalifətdə qalan qüvvələri qəbul etmir. Bu gün Azərbaycan cəmiyyəti ölkədə dəyişikliyin tərəfdarıdır. Amma normal inkşaf etmiş ölkələrdə baş verən dəyişikliyin tərəfdarıdır. Heç bir xalqın nümayəndəsi öz övladının qanı bahasına olan dəyişikliyin tərafdarı deyil. Heç bir inkişaf etmiş ölkələrdə 20 il nazir işləmək halına rast gəlinmir. Qeyd etmək istəyirəm ki, ölkə prezidentinin son dövrlərdə atdığı islahatlarla bağlı atdığı addımlar yüksək qiymətləndirilir və Azərbaycan xalqında böyük ümid yaradır. Son mitinqlərə xalqın dəstək verməməsinin əsas faktoru cənab prezidentin son dövrlər apardığı islahatlara uyğundur. Düşünürəm ki, bu siyasət davam edəcək və prosesin davam etdiyi təqdirdə heç bir halda radikallar xalqdan dəstək ala bilməyəcək. Yəni, bu prosesin aparılmasından çox şey asılıdır. Xeyli müddətdir ki, Azərbaycanda hakimiyyət dəyişikliyinə cəhdlər edirlər. Müxalifət plagiatlığı sevir və bu gün belə düşünür ki, yaxın Şərqdə baş verən hadisələri Azərbaycanda da tətbiq etmək olar. Son aylarda bunların "ip" adlı İctimai Palatası yaranıb. Düşünürəm ki, bu "ip"in ucu xarici qüvvələrə bağlıdır. Çünki onların palatasında əsas çıxış edənlər mollalar, saqqallılardır. Dünən də onların dini meylli qüvvələrinin Azərbayacn hakimiyyətinə, dövlətinə qarşı təhdid bəyanatı olub. Onlar düşünürlər ki, dini eksterimistlərlə birgə hər hansı bir ixtişaklar edə bilərlər. Mən düşünürəm ki, bu qüvvələrin də arxasında məhz xarici faktorlar dayanır.
- Ölkənin aparıcı gəncləri olaraq, aksiyalara qoşulan bəzi gənclərə məsləhət və tövsiyələriniz nədən ibarətdir?
Yusif Babanlı: - Gənclərə məsləhətlərimiz bundan ibarətdir ki, onlar bu cür radikal müxalifətə uymasınlar. Onların özləri özlərini hansı səviyyədə idarə etməkləri Azərbaycan gəncliyinin gözü qarşısındadır. Bu gün də onların hazırladıqları hər hansı bir yüksək səviyyəli mitinq ola bilməz. Bu gün Azərbaycan gəncliyinə müraciətim budur ki, ölkəmizdə gedən iqtisadi inkişafı görsünlər və layiqincə qiymətləndirsinlər. Biz gənclər üçün ölkəmiz, dövlət rəhbərliyimiz tərəfindən belə şərait yaradılır. Bu gün ölkədə mitinqlər keçirmək istəyən müxalifət qüvvələri Azərbaycanı istəməyən, sevməyən və gəncləri də düzgün yola apara bilməyən insanlardır. Biz onlara qulaq asmamalıyıq. Biz gənclər bu gün olduğu kimi, bundan sonra da layiqli bir gənc kimi cənab prezidentin ətrafnda birləşərək Azərbaycanın gələcəyi üçün əlimizdən gələn qədər öz layiqli işimizlə vətənimizə xidmət etməliyik.
Niyaməddin Orduxanlı: - Mən düşünürəm ki, gənclər bütün məsələlərə rasional yanaşmalıdırlar. Təfəkkürlə düşünməlidir ki, niyə görə, bu gün təmsil etdiyi düşərgəni uzun illər siyasətdə olan insanlar onların təmsil olunduğu sədləri tərk ediblər. İsa Qənbərin ikinci şəxsi Sülhəddin Əkbər niyə bu sıraları tərk edib və ya Əli Kərimovun yanında hərəkatdan gələn insanlardan niyə heç kim qalmayıb?. Buna görə də gənclər Azərbaycanda baş verən hadisələri düzgün qiymətləndirməyi bacarmalıdırlar. Gənclərə məsləhətim odur ki, məsələrə rasional yanaşaraq, Azərbaycanda baş verən ictimai-siyasi proseslərə ciddi yanaşsınlar. Hər hansı ixtişaş, təhrik və ya siyasi təxribatla ölkədə dəyişiklik etmək mümkün deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB