Özbəkistanın interpress.uz portalında 20 Yanvar faciəsi ilə bağlı yazı yerləşdirilib

Özbəkistanın interpress.uz portalında 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə özbək dilində material yerləşdirilib.

SİA xəbər verir ki, məqalədə 30 il bundan əvvəl sovet qoşunlarının Bakıya yeridilməsindən bəhs olunur. Qeyd edilir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu hissələri, daxili qoşunlar və xüsusi təyinatlı dəstələrin iri kontingenti Bakıya yeridilib, bir gecənin içində xüsusi qəddarlıq və görünməmiş vəhşiliklər törədilib. Nəticədə 147 insan qətlə yetirilib, 638 nəfər yaralanıb, 841 şəxs əsassız olaraq həbs edilib.

Materialda sovet ordusu tərəfindən Bakıda və ölkəmizin digər ərazilərində törədilən vəhşiliklər haqqında söhbət açılır. Bu qanlı faciənin törədilməsinə görə başda Mixail Qorbaçov olmaqla keçmiş SSRİ rəhbərlərinin məsuliyyət daşıdıqları vurğulanır. Diqqətə çatdırılır ki, bu faciənin törədilməsi beynəlxalq hüquq normalarına ziddir. Belə ki, Bakıda 5.45 kalibrli zəhərli güllələrdən istifadə edilib və bu silahın istifadəsi beynəlxalq qanunlarla qadağan olunub.

Vurğulanıb ki, o vaxt Moskvada yaşayan ümummilli lider Heydər Əliyev 20 Yanvar faciəsindən bir gün sonra Azərbaycanın bu şəhərdəki daimi nümayəndəliyinə gələrək qanlı qırğını törədənlərin cinayət məsuliyyətinə cəlb olunmalarını tələb edib.

Məqalə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə çap olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...