Fələstin dövləti sentyabrda qurulacaq

Fələstin dövləti sentyabrda qurulacaq

Fələstin Muxtariyyətinin lideri Mahmud Abbas həm ABŞ prezidenti Barak Obamanın, həm də Orta Şərq dördlüyünün (Rusiya, ABŞ, Avropa Birliyi və Birləşmiş Millətlər Təşkilatı) müəyyən etdiyi sentyabr sərhədinin Fələstin dövlətinin qurulma tarixi ola biləcəyini söyləyib. Abbas bir dövlət üçün lazım olan bütün təşkilatların yaradıldığını və beynəlxalq ictimaiyyətin Fələstin dövlətini tanımağa hazır olduğunu deyib. SİA-nın mlumatına görə, "Moskovskiy novosti" qəzetinə müsahibə verən M.Abbas müstəqil Fələstin dövlətini qurmaq üçün şərtlərin yetişdiyini bildirib.

 

Keçən həftə Moskvaya səfər edən M.Abbas Rusiya prezidenti Dmitri Medvedev və baş nazir Vladimir Putinlə görüşüb. Görüşlərdə Fələstin-İsrail danışıqları və Fələstində daxili təşkilatlar arasında dialoqun qurulması müzakirə edilib. Moskvanın yaxın əlaqələr yaratdığı "Həmas" rəhbərliyi ilə M.Abbas arasındakı görüşlərin təşkilinə yardım etdiyi bildirilir. Fələstin Muxtariyyətinin lideri "Həmas" rəhbərliyi ilə görüşündə bildirib ki, milli bölünmə vəziyyəti aradan qaldırılmayınca paytaxtı Qüds olan müstəqil Fələstin dövlətinin qurulması qeyri-mümkündür.

 

M.Abbasdan sonra Moskvaya gələn İsrail baş naziri Benyamin Netanyahu isə Fələstində birlik təmin edilməsindən narahatlığını dilə gətirib. Netanyahu verdiyi açıqlamada terrorçu təşkilat olaraq tanınan "Həmas"la Fələstin rəhbərliyinin birlikdə hərəkət etməsi halında sülh danışıqlarının ciddi yara alacağını deyib.

 

Qeyd edək ki, İsrail-Fələstin danışıqları 20 aylıq fasilədən sonra 2010-cu ilin sentyabr ayında yenidən başlamışdı. İsrailin məskunlaşma fəaliyyətini davam etdirməsi səbəbi ilə üç həftə sonra sülh danışıqları nəticəsiz yekunlaşmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə