Seymur Həziyevlə bağlı insident DİN-də müzakirə olunub

Seymur Həziyevlə bağlı insident DİN-də müzakirə olunub

"Azadlıq" qəzetinin əməkdaşı Seymur Həziyevlə bağlı insident bu gün Daxili İşlər Nazirliyində (DİN) keçirilən görüşdə müzakirə edilib. SİA-ya Mətbuat Şurasından verilən məlumata görə, görüşdə daxili işlər naziri Ramil Usubov, MŞ-nin sədri Əflatun Amaşov, Media Hüququ İnstitutunun direktoru Rəşid Hacılı, "Turan" İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyev iştirak edib.

 

MŞ-nin DİN-ə müraciəti əsasında baş tutan görüşdə hadisə ilə bağlı araşdırmanın aparılması məqsədilə DİN-in və Baş Prokurorluğun xüsusi nümayəndələrinin olay yerinə ezam edilmək üçün ayrıldıqları bildirilib. Nazir R.Usubov ibtidai araşdırmanın təşkilini, işin hallarının tam, hərtərəfli, obyektiv araşdırılması istiqamətində zəruri tədbirlərin görülməsinin təmin edilməsini DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi, general-mayor Sərvər Mehralıyevə həvalə edib.

 

Görüşdə həmçinin razılığa gəlinib ki, araşdırma ilə bağlı proseslərdə MŞ İdarə Heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin, M.Əliyevin, R.Hacılının iştirakı qanuna müvafiq surətdə təmin ediləcək və ictimaiyyət vaxtaşırı məlumatlandırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə