Eldar Mahmudov: “Ötən dövr ərzində korrupsiya faktları üzrə ümumən 8 cinayət işi başlanmış, 12 nəfər məsuliyyətə cəlb olunub”
"Bu gün Azərbaycanın inkişafımızı gözü götürməyən qüvvələr var. Əminəm ki, gənclərimiz, o cümlədən kursantlarımız yad təsirlərdən uzaq durmağı, pisi yaxşıdan seçməyi bacarırlar. Onlar ölkənin tərəqqisi, öz gələcəkləri naminə aparılan siyasətə dəstək verirlər". Bu fikirləri Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 92-ci ildönümü ilə bağlı Milli Təhlükəsizlik Nazirliyində (MTN) keçirilən tədbirdə nazir Eldar Mahmudov səsləndirib.
MTN-in İctimai Əlaqələr Mərkəzindən SİA -ya verilən məlumata görə, nazir qeyd edib ki, son vaxtlar bütün ölkə miqyasında neqativ hallara, xüsusilə korrupsiyaya qarşı mübarizə tədbirlərinin genişləndirilməsi ümumən insanların öz sabahlarına olan inamlarını daha da artırır: "Bu mühüm tədbirlərin uğurla həyata keçirilməsində Milli Təhlükəsizlik Nazirliyinin də üzərinə böyük vəzifələr qoyulub. Ümumi məqsəd ölkənin iqtisadi inkişafına yönəlmiş bütün səylər və islahatlar üçün əlverişli şərait yaratmaqdır. Sözsüz ki, ən mühüm vəzifə düşmən işğalında olan Azərbaycan torpaqlarının azad edilməsi, ərazi bütövlüyümüzün təmin olunmasıdır. Milli Təhlükəsizlik Nazirliyi ölkə rəhbəri tərəfindən həyata keçirilən çoxsahəli fəaliyyətlərdə, o cümlədən informasiya mübarizəsində yaxından iştirak edir. Bu təhsil ocağının üzərinə Azərbaycanın təhlükəsizliyinə cavabdehlik daşımağa qadir gənc kadrların yetişdirilməsi kimi mühüm vəzifə düşür".
Milli təhlükəsizlik naziri Azərbaycan xalqının mənafelərinin və təhlükəsizliyin qorunması və möhkəmləndirilməsi sahəsində ardıcıl fəaliyyət göstərildiyini, vaxtında həyata keçirilmiş qabaqlayıcı tədbirlər nəticəsində ekstremist-terrorçu niyyətlərin və konkret cinayətkar hərəkətlərin qarşısının qətiyyətlə alındığını bildirib. Ümumən, son bir il ərzində görülmüş işlər və əldə edilmiş uğurlar nəzərə çatdırılıb. Nazir Eldar Mahmudov Milli Təhlükəsizlik Nazirliyinin müasir tələblərə uyğun inkişafı, maddi-texniki bazasının güclənməsi və şəxsi heyətin sosial müdafiəsinin xeyli yüksəlməsi istiqamətində Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısını xüsusi vurğulayıb. O, çağdaş dövrdə milli təhlükəsizliyə cavabdeh strukturdan daim yüksək peşəkarlıq, çeviklik və səriştə tələb olunduğunu qeyd etmiş, xüsusi xidmət orqanlarının ölkədə həyata keçirilən müasirləşmə və yeniləşmə siyasətinin uğurla reallaşmasına bundan sonra da öz töhfələrini verəcəklərinə əminliyini bildirib.
Nazir qeyd edib ki, Azərbaycan özünün tarixi inkişafının müasirləşmə və yeniləşmə mərhələsini yaşayır: "Azərbaycanda həyata keçirilən tarazlı və milli maraqlara xidmət edən fəaliyyət strategiyası ölkəmizdə normal iqtisadi inkişafın və sosial-siyasi sabitliyin başlıca təminatıdır. Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş sabitlik və inkişaf kursu Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Xalqımızın bu kursu birmənalı dəstəkləməsi ümummilli liderin dövlətçilik strategiyasına etimad deməkdir. Ölkənin siyasi gücünün, iqtisadi potensialının və beynəlxalq nüfuzunun yüksəlməsində digər dövlət orqanları ilə yanaşı, Milli Təhlükəsizlik Nazirliyi də yaxından iştirak edir".
Nazir Eldar Mahmudov bildirib ki, Azərbaycanın əlverişli geosiyasi mövqeyi, iqtisadi və tranzit potensialı, eləcə də digər müsbət amillər xarici xüsusi xidmət orqanları və kriminal elementləri üçün cəzbedici görünür: "Milli Təhlükəsizlik Nazirliyinin kəşfiyyat, əks-kəşfiyyat və hərbi əks-kəşfiyyat sahəsi üzrə fəaliyyətində bu amillərə xüsusi fikir verilir. Vaxtında görülmüş tədbirlər sayəsində xarici xüsusi xidmət orqanlarının və digər subyektlərin kəşfiyyat-pozuculuq və terror-təxribat fəaliyyətinin qabaqlanması və ifşa edilməsi istiqamətində işlər uğurla davam etdirilib. Əks-kəşfiyyat və hərbi əks-kəşfiyyat tədbirləri nəticəsində dövlətə xəyanətə və casusluğa görə 12 nəfər ifşa olunub".
Milli Təhlükəsizlik Nazirliyinin çox mühüm bir fəaliyyət istiqamətini terrorçuluğa qarşı mübarizə təşkil etdiyini bildirən nazir Eldar Mahmudov, 2010-cu ildən hazırkı dövrədək antiterror xətti ilə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 9 cinayət işinin başlandığını, 29 nəfərin cinayət məsuliyyətinə cəlb olunduğunu qeyd edib.
Nazir Eldar Mahmudov korrupsiya probleminə ayrıca toxunaraq bildirib ki, bu, Azərbaycan Prezidentini və cəmiyyətini narahat edən bir məsələdir. Ötən dövr ərzində korrupsiya faktları üzrə ümumən 8 cinayət işi başlanmış, 12 nəfər məsuliyyətə cəlb olunub.
İstintaq fəaliyyətinin səmərəli aparıldığını, cinayətlərin açılmasına, cinayətkarların ifşa olunmasına dəyərli töhfələr verildiyini qeyd edən nazir Eldar Mahmudov, ötən müddət ərzində Milli Təhlükəsizlik Nazirliyində 147 cinayət işinin istintaqının başa çatdırıldığını bildirib.
Nazir Eldar Mahmudov bildirib ki, dövlət başçısının gündəlik diqqət və qayğısı sayəsində milli təhlükəsizlik orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi və şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində də tədbirlər davam etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB