Orta Şərq və Şimali Afrika xalqları hakimiyyətə ortaq olmağa çalışır. Onilliklərin avtoritar liderləri isə dəyişikliklərə müqavimət göstərir. SİA-nın məlumatına görə, Türkiyənin "Aksiyon" jurnalı Orta Şərq və Şimali Afrikanın ərəb ölkələrində baş verən qiyamlarla bağlı yazdığı şərhində belə bir sualla müraciət edib: Əslində dəyişikliklərə müqavimət göstərən Orta Şərq və Şimali Afrika liderləridir, yoxsa mənfəətlərini onlar vasitəsilə qorumağa çalışan Qərb?
Bu ilin əvvəlindən başlayaraq Orta Şərq və Şimali Afrikada xaos hökm sürür. Qərbli jurnalistlərin bir vaxtlar Türkiyə üçün söylədikləri "sizin ölkənizdə bir ayda baş verən hadisələri biz bir ildə yaşamırıq" cümləsi indi Türkiyəyə yaxın coğrafiya üçün işlətmək olar. Bu ilin yanvar ayında Tunisdə başlayıb Misir, Liviya və digər ölkələrə sıçrayan, bütün dünyaya təsir edən hadisələr bu günlərdə dünya gündəmin ən əhəmiyyətli hissəsinə çevrilib. Qərb koalisiyası NATO pərdəsi altında Liviyanın bombalayır, Muammar Qəddafi isə geri çəkilmək istyəmir. Bu bölgədə on illərdir davam edən avtoritar rejimlər Tunisdən başlayaraq sarsılmağa və devrilməyə başladı. Ortaya belə bir sual çıxır: Qiyamlar niyə məhz indi baş verdi? Qərbin tətiyi çəkməsi, yoxsa xalqın tələbi ilə hadisələrin belə bir ssenari üzrə inkişaf etməsi ilə bağlı müzakirələr davam edir.
Bir çoxları hesab edir ki, ABŞ Xarici İşlər Nazirliyinə aid gizli sənədlərin "Wikileaks" saytı vasitəsilə yayımlanmasından dərhal sonra bölgədəki xalq qiyamlarının başlanması heç də təsadüfi deyil. Onların fikrincə, Qərbin bu günə qədər bölgədəki mənfəətlərini qorumaq üçün avtoritar rejimlərə göz yumması yalnız ona görə mümkün olub ki, Qərbin maraqlarına xətər toxunmurdu. İndi isə Qərb neft maraqlarına və İsrailin təhlükəsizliyinə zərbə dəyə biləcəyindən ehtiyatlanaraq hərəkətə keçib. Bir sözlə Qərbin hadisələrə ziddiyyətli mövqeyi ortaya çıxıb. Qiyamlarda Qərbin əli ilə yanaşı bölgə xalqlarının rolunu da qabardanlar da var. Təbii ki, bu mövqe o qədər də inandırıcı görünmür və əksəriyyət bu versiya ilə razılaşmır.
Orta Şərq və Şimali Afrikada alovlanan atəşin yandırıcı gücü bir çox ölkədə hiss edilir. Keçən həftə İstanbulda keçirilən Dəyişim Liderləri Zirvəsində də gələcəyin dünyası, eyni zamanda bölgədəki vəziyyət və hadisələrə Qərbin münasibəti müzakirə edildi. Zirvənin ən əhəmiyyətli müzakirələri isə "Türkiyənin rolu və bölgədəki təsirləri" panelində edildi. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu "soyuq müharibə"nin bitməsindən sonra Orta Şərqdə gələcəyin ən azı 20 il gecikdiyini ifadə edib. O, Orta Şərq və Şimal Afrika ölkələrində yaşanan hadisələri "tarixin təbii gedişi" kimi görmək lazım olduğunu söyləyib. Tarixin sonu və mədəniyyətlər qarşıdurması kimi tezislərinin çökdüyünü vurğulayan Davudoğlu Orta Şərq xalqlarının gələcəyini formalaşdırmağa çalışdığını vurğulayıb.
ABŞ-lı jurnalist-yazar Stefen Kinzer və Suriya dövlət başçısının müşaviri Bouthaniya Şaban arasındakı müzakirə xalqın dəyişikliyə və islahat tələblərinə müqavimət göstərənin Orta Şərq liderlərinin, yoxsa Qərbin olduğuna böyük ölçüdə aydınlıq gətirir. Kinzer ABŞ-ın sahib olduğu güc və mövqeyinə görə nə Türkiyədən, nə də başqa bir ölkədən tövsiyə almağa adət etmədiyini, amma bunun artıq dəyişməli olduğunu diqqət çəkib. ABŞ-ın indiki halda baş verən prosesləri analiz və anlamaqda gecikdiyinə işarə edən Kinzer ABŞ-ın təmsil etdiyi kobud güclə müqayisədə Türkiyənin yüksələn yumşaq gücü ilə dəyişiklikdə daha təsirli rol ala bildiyini dilə gətirdi. Şaban isə həyəcanlı danışığında ABŞ-ın bölgədəki dəyişikliyi anlamaqda gecikdiyi fikrinə qatılmadığını söyləyib: "Məncə ABŞ prosesləri çox yaxşı anlayır və bütün olanlardan xəbərdardır. Amma bu onun maraqlarına uyğun gəlmir". Tunis və Misirdəki hadisələrdən sonra ortaya çıxan müxalifət oyunçularının ABŞ tərəfindən yenicə fərq edildiyininin inandırıcı olmadığını deyən Şaban Qərbin tək istədiyi şeyin "bölgədəki yeraltı zənginlikləri ilə hakimiyyətlər üzərindəki nəzarəti davam etdirmək və silah satışını artırmaq" olduğuna vurğulayıb. O, bölgədə yaşanan hadisələri çox əhəmiyyətli bir dövrün başlanğıcı olaraq xarakterizə edib və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın İsrailə qarşı "Ona Minute" çıxışı ilə başlayan siyasətin bir dönüş nöqtəsi olduğuna diqqət çəkib. Suriya dövlət başçısının müşaviri Ə.Davudoğludan fərqli olaraq Orta Şərqdə gələcəyin 20 deyil, 90 il gecikdiyini, əsl dəyişmənin Osmanlıdan sonrakı dövrdə başlamasının lazım olduğunu deyib.
2005-2008-ci illərdə ABŞ-ın Türkiyədəki səfirinin vəzifəsini icra edən Ross Vilson bölgə baş verənləri Berlin Divarının yıxılmasına bənzədib. Hadisələrin ABŞ və Avropa tərəfindən kifayət qədər aydın başa düşülmədiyinə inanan Vilson qeyd edib ki, yeni nizam bəlkə də nizamsızlıq olacaq: "Amma bu Birinci və İkinci Dünya Müharibələri arasındakı, ya da İkinci Dünya Müharibəsi sonrasındakı kimi bir nizam deyil. Məncə, yeni nizam qarşımıza böyük bir nizamsızlıq olaraq da çıxa bilər. ABŞ və Türkiyə kimi müttəfiqlər üçün bu mənada birlikdə çalışmaq çox əhəmiyyətlidir. Beləliklə bölgədə həm sabitlik, həm demokratiya təmin edilə bilər. Bunlardan biri, digəri olmadan mümkün ola bilməz".
Türkiyənin bölgədə yeni yaranacaq rejimlər üçün bir model olub-olmayacağı da geniş müzakirə edilir. 1983-cü ildən Tunis Demokratik Partiyasının rəhbəri olan Əhməd Nəcib Çebbi "Aksiyon"a verdiyi müsahibəsində Türkiyənin islami istinadlarla demokratiya quran və iqtisadi olaraq böyüyən bir ölkə kimi əhəmiyyətli olduğunu deyib. O. bildirib ki, qarşılarında bir çox hakimiyyət nümunə olsa da onlardan yalnız birini seçmək məcburiyyətində deyil: "Qarşımızda bir çox nümunə var. İspan, ABŞ, ingilis, fransız və Türkiyə nümunəsi. Təbii ki, İran nümunəsini nəzərə almıram. Biz bunlardan yalnız birini seçmək məcburiyyətində deyilik. Bunlardan istifadə edərək özümüzə məxsus Tunis nümunəsini yarada bilərik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB