"Hazırda regionda gedən proseslər kimin kim olduğunu aydınlaşdırır" -AÇIQLAMA
"Düşünürəm ki, regionda baş verən proseslər birbaşa olmasa da dolayı şəkildə bütün regional dövlətlərə öz təsirini göstərir". Bunu SİA-ya açıqlamasında politoloq, siyasi şərhçi Arzu Nağıyev deyib.
Politoloq bildirib ki, İran və ABŞ arasında baş verən qarşıdurmada İranın təsir vasitələrindən istifadə etmək iqtidarında olan din xadimləri bu məsələni məhzəb savaşı ilə əlaqələndirirlər: “Məzhəb məsələsi gündəmə gəldiyinə görə də istər İraqda, istər digər dövlətlərdə bu məsələlərə reaksiya birmənalı şəkildə olmur. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da öz açıqlamasında bu regionda məzhəb savaşının ümumiyyətlə, məqsədə müvafiq olmadığını qeyd edib. Təbii ki, ABŞ-ı da birmənalı şəkildə olmasa da günahlandırıb. Eyni zamanda İranın verdiyi açıqlama və Süleymaninin qətlindən sonra məhz məscidlər üzərində qırmızı bayrağın qaldırılması, qisasın alınması kontekstində bazaların raketlə vurulması məsələsi də problemli məsələdir”.
Ekspert qeyd edib ki, ABŞ prezidenti Tramp da döyüşün tamamilə dayandırıldığını elan etsə də, razılığa gəlmək üçün "İran nüvə proqramı ilə bağlı ümumiyyətlə qoyulan tələbləri yerinə yetirməsini istəyib. “BMT-də İranın nümayəndəsinin verdiyi bəyanatdan da hiss olunur ki, ümumiyyətlə regionda müharibə olmayacaq. Müharibənin olmaması çox mühüm məsələdir”.
A.Nağıyev vurğulayıb ki, Azərbaycana gəldikdə isə hər hansı qonşu dövlətdə qarşıdurma yaranan zaman Azərbaycana köç, müxtəlif miqrasiya problemləri ola bilər. "Buna görə də Azərbaycan öz mühüm balanslaşdırılmış siyasətini aparır. Bundan başqa vəziyyəti gərginləşdirən amillərdən biri də məhz Ukraynaya məxsus Tehran Kiyev reyisi ilə uçan təyyarənin vurulması və yaxud qəzaya uğraması məsələləridir. Təbii ki, bütün versiyalar araşdırılır. Buna da istintaq aydınlıq gətirdikdən sonra işin hansı məcraya yönələcəyi haqqında müəyyən proqnozlar vermək olar. Lakin hazırda vəziyyət gərgindir. Lakin bu böyük müharibə demək deyil”.
Siyasi şərhçi nəzərə çatdırıb ki, ümumiyyətlə yaxın şərqdə Türkiyə, Rusiya, İsrail kimi ölkələrin hər birinin öz marağı var: "Hər bir dövlətin öz marağı olduğu üçün bu proseslərdən tam şəkildə baş açmaq, aydınlıq gətirmək mürəkkəb məsələdir. Əsas məsələ ondan ibarətdir ki, böyük müharibələrə hazırlıq getmir. Azərbaycan da doğrudan da öz balanslı siyasətini aparır. Ermənistan təbii ki, bu məsələlərdən özü üçün qeyri-adekvat bəyanatlarla xeyir götürməyə çalışıb. Lakin bütün diplomatik kanallar vasitəsilə onlar susdurulub. Hazırda regionda gedən proseslər kimin kim olduğunu aydınlaşdırır. Nəticədə onu demək olar ki, qeyri-stabil bir vəziyyət yaranıb və bu vəziyyətin aydınlaşdırılması BMT səviyyəsində və ancaq danışıqlar yolu vasitəsilə öz həllini tapa bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB