Münaqişə: Qəddafini koalisiya bombaları da saxlaya bilmir

Münaqişə: Qəddafini koalisiya bombaları da saxlaya bilmir
Hava hücumundan sonra yerüstü əməliyyatların da başlaya biləcəyindən narahat olan Liviya lideri Müəmmar Qəddafi silah anbarlarının ağzını açaraq bir milyondan artıq ölkə vətəndaşına silah paylayıb. SİA-nın xarici agentliklərə istinadən verdiyi məlumata görə, daha çox silah alanlar isə ölkənin qərbində yaşayan Varfalla qəbiləsinin üzvləridir. Çünki onlar həm döyüşkən, həm də Qəddafiyə sadiq qüvvələrdir.
Bununla yanaşı, koalisiya qüvvələrinin altı gün ərzində Liviyanı bombalamasına baxmayaraq hökumət qoşunları ölkənin qərbindəki böyüklüyünə görə üçüncü şəhəri sayılan Misurata hücuma keçiblər. Hücuma həmçinin üsyançıların əlində olan Zintan və Acdabiya şəhərləri də məruz qalıb.
Hələlik Liviyanın hava məkanında hökmranlıq edən koalisiya qüvvələri Qəddafi qoşunlarının artileriya qurğularını, hərəkət edən texnikasını və paytaxt Tripolidəki hədəfləri vurmaqla məşğuldur.
Fransanın xarici işlər naziri Alen Jüpen məsələyə münasibət bildirərkən qeyd edib ki, əməliyyat yalnız hərbi obyektlərə qarşıdır. Digər məsələlər nəzərdə tutulmayıb. Rusiyanın isə məsələyə baxışı fərqlidir. Moskva düşünür ki, problemin kökündə neft amili dayanır. Getdikcə artan enerji, xüsusilə də neftin qiyməti Qərbin ən radikal üsullara əl atmasına gətirib çıxarıb.

Bütün xəbərlər Facebook səhifəmizdə