Ekologiya və Təbii Sərvətlər Nazirliyi: "Kür çayında zərərli maddələrin miqdarı normadan dəfələrlə artıqdır"

Ekologiya və Təbii Sərvətlər Nazirliyi: "Kür çayında zərərli maddələrin miqdarı normadan dəfələrlə artıqdır"

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə mart ayının II ongünlüyü üçün növbəti monitorinq keçirib.

Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, martın II ongünlüyündə Kür çayında suyun sərfi I ongünlüyə nisbətən 231 m3/san artaraq 387 m3/san təşkil edib. Monitorinqin nəticələrinə əsasən Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini keçib.

Belə ki, Şıxlı-2 və Ağstafaçay məntəqələrində suyun əsas çirkləndiricilərindən olan fenollar 3, mis birləşmələri 2, Ağstafaçay su anbarında isə fenollar və mis birləşmələri 2 dəfə yol verilən həddi keçib. Aparılan monitorinqin nəticələrinə görə, Ermənistanla transsərhəd olan Araz çayında suyun sərfi 262 m3/san olub. Belə ki, Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar 3, mis birləşmələri 4, I Şahsevən məntəqəsində fenollar 3, mis birləşmələri 2, Bəhramtəpə məntəqəsində isə fenollar 2, mis birləşmələri 3 dəfə normanı keçib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 5,60-6,17 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

Bütün xəbərlər Facebook səhifəmizdə