ABŞ-dakı Azərbaycan diasporu Metsamor AES-in bağlanması məqsədilə Konqres üzvlərinə məktub göndərib

ABŞ-dakı Azərbaycan diasporu Metsamor AES-in bağlanması məqsədilə Konqres üzvlərinə məktub göndərib

"Yaponiyada baş vermiş sonuncu zəlzələ AES-in seysmik cəhətdən aktiv olan ərazilərdə təhlükəli olduğunu qabarıq şəkildə göstərdi. Əgər bu məsələdə Yaponiya kimi bir ölkə qəflətən yaxalanıbsa, onda üçüncü dünya ölkələri haqqında nə demək olar? Metsamor AES 1970-ci illərdə Ermənistanın paytaxtı İrəvan şəhərindən 20 mil qərbdə yerləşən Metsamor şəhərində inşa edilib. Bu AES iki VVER-440 Model V230 nüvə reaktorları ilə inşa edilib. 2016-cı ildə AES-ın istismar müddəti başa çatacaq". SİA-nın xəbərinə görə, bu sözlər Ermənistanın Metsamor Atom Elektrik Stansiyasının (AES) bağlanması məqsədilə Azərbaycan Diasporunun ABŞ Konqresi üzvlərinə göndərdiyi məktubda yer alıb.

Məktub müəlliflərinin sözlərinə görə, Metsamor AES-nin konstruksiyası Bolqarıstan və Slovakiyada olan AES konstruksiyaları ilə eynidir. Avropa Birliyi bu ölkələrdən quruma üzv olmazdan əvvəl sözügedən AES-ləri bağlamağı tələb edib: "Metsamor AES-i 11 bal gücündə zəlzələ riski olan ərazidə yerləşir. Bu AES isə yalnız 9 bal gücündə zəlzələyə tab gətirməklə inşa edilib. 1988-ci ildə Ermənistanda baş vermiş dağıdıcı zəlzələdən sonra, bu ölkənin hakimiyyəti atom elektrik stansiyasını bağlamaq qərarını verdi, çünki Ermənistanın o zamankı hökuməti hər hansı bir fors-major və ya təbii fəlakətlər baş verdiyi halda Metsamor AES-nin törədəcəyi təhlükəni anlayırdı. Avropa Şurasının Parlament Assambleyası qəbul etdiyi sənədlərdə dəfələrlə bu atom stansiyasının aktiv seysmik zonada yerləşdiyini və bütün Qafqaz bölgəsi üçün ciddi təhlükə mənbəyi olduğunu narahatçılıqla ifadə etdiyinə baxmayaraq, AES hələ də fəaliyyət göstərir".

Məktub müəllifləri bildiriblər ki, ABŞ Konqresi və hökuməti, bu il Ermənistana bütün xarici yardımları Metsamor atom elektrik stansiyasını dərhal bağlatdırmaq şərtini qoymaqla yönəltməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə