Ombudsman Füzulinin Horadiz şəhərinə səfəri çərçivəsində bir sıra görüşlər keçirib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Novruz bayramı günlərində Füzulinin Horadiz şəhərinə və "Qayıdış" qəsəbələrinə səfər edib. SİA-nın xəbərinə görə, ombudsman Horadizdəki Şəhidlər Xiyabanını ziyarət edib, şəhidlərin xatirəsinə ucaldılmış abidə önünə çiçəklər qoyub.
Müvəkkil, Milli Məclis sədrinin müavini, bu rayondan millət vəkili seçilmiş Bahar Muradova, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və rayonun digər rəsmi şəxsləri Horadizdəki Heydər Əliyev Parkının və Mərkəzi bazarın təməlqoyma mərasimində, habelə Olimpiya-İdman Kompleksinin stadionunda Novruz bayramı münasibətilə keçirilmiş el şənliyində iştirak ediblər. Bu tədbirlərə həmçinin rayonun ziyalıları, məcburi köçkün icmaların, yerli QHT-lərin və KİV-in nümayəndələri qatılıblar.
A.Alıyev tədbiri açaraq Füzuli rayonunun Fəxri vətəndaşı Elmira Süleymanovanı və digər qonaqları salamlayıb, tədbirin əhəmiyyətini vurğulayaraq, burada infrastrukturla təmin edilmiş yeni qəsəbələrin salındığını, uzun illər qaçqın düşərgələrində məskunlaşmış məcburi köçkünlərin artıq həmin qəsəbələrdə yaşadığını, onların hüquqlarının təmin olunması vəziyyətinin daim diqqətdə saxlandığını söyləyib. E.Süleymanova rayon sakinlərini və tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edib, xoş arzularını bildirib. O, cəbhə bölgəsində yerləşən Füzuli sakinlərinin torpaqlarımızın bölünməzliyi uğrunda döyüşlərdəki qəhrəmanlığını və çoxsaylı şəhidlər verdiyini vurğulayıb.
Ombudsman ölkə prezidentinin dəstək və qayğısı nəticəsində respublikamızda, o cümlədən bu rayonda da quruculuq işlərinin aparıldığını, su, qaz, elektrik enerjisi ilə təmin olunduğunu diqqətə çatdırıb. O, dövlət başçısının təsdiq etdiyi Regionların sosial-iqtisadi inkişaf Proqramının uğurla həyata keçirildiyini qeyd edib, Füzuli rayonunda hərtəfərli irəliləyişi vurğulayıb, respublikamızda insan hüquq və azadlıqlarının, o cümlədən qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsinin dövlətin qarşısında duran ən mühüm vəzifələrdən biri olduğunu söyləyib.
Müvəkkil torpaqlarımızın 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyini, nəticədə bir milyona yaxın soydaşımızın öz yurdunda qaçqın və məcburi köçkünə çevrildiyini, kütləvi şəkildə insan hüquqlarının pozulduğunu bildirib. Füzulinin işğalından 18 il ötdüyünü qeyd edən E.Süleymanova dövlət tərəfindən bu insanların, o cümlədən buradakı çoxsaylı məcburi köçkünlərin problemlərinə diqqət yetirildiyini, ölkə Prezidentinin uğurlu fəaliyyəti nəticəsində bütün qaçqın düşərgələrinin ləğv olunduğunu, oradan məcburi köçkünlərin yeni tam infrastrukturla təmin olunmuş qəsəbələrə köçürüldüyünü, onların sosial rifahının yaxşılaşdığını qeyd edib. Yerli sakinlər E.Süleymanovanın vaxtilə Saatlı rayonunda çadır düşərgələrində, oradan "Qayıdış" qəsəbələrinə köçürülmüş füzulili məcburi köçkünlərin vəziyyətini daim diqqətdə saxladığını, onlara mütəmadi baş çəkdiyini, hüquqlarını müdafiə etdiyini vurğulayıblar.
Sonra Ombudsman Zobucuq qəsəbəsinə səfər edib, buradakı xəstəxanada olarkən cərrahiyyə, reanimasiya, doğum şöbələrinə, laboratoriyalara baxıb. Həmin səhiyyə müəssisəsi müasir standartlara cavab verən yeni tibb avadanlığı ilə təchiz edilib. O, bu xəstəxananın rəhbərliyi, tibb personalı və pasientlərlə görüşüb, problemləri ilə maraqlanıb, müvafiq tövsiyələr verib. Müvəkkil səfər çərçivəsində Babı kəndində gözdən əlil Ceyhun Mustafayevə baş çəkib, vəziyyəti ilə maraqlanıb, onu Novruz münasibətilə təbrik edib, bayram sovqatlarını verib. Ombudsman səfər çərçivəsində rayon Təhsil şöbəsinin müdiri Almaz Həşimova ilə birgə 6 saylı "Qayıdış" qəsəbəsində 1 saylı uşaq bağçasındakı bayram şənliyində də iştirak edib, 75 uşağa bayram sovqatı paylanıb. E.Süleymanova ona müraciət edən qəsəbə sakinlərini dinləyib, problemlərini öyrənib, şikayətləri qəbul edib, qaldırılan problemlərin həllinə kömək edəcəyini söyləyib.
Qəsəbə sakinləri, ağsaqqallar onlara müntəzəm olaraq baş çəkdiyinə, arxa-dayaq olduğuna görə ombudsmana təşəkkürlərini bildirib, Ermənistanın işğalçılıq siyasəti nəticəsində doğma yurdlarından didərgin düşərək əvvəlcə Saatlı rayonu ərazisində çadır və fin şəhərciklərində müvəqqəti məskunlaşmış Füzuli rayonundan olan məcburi köçkünlərlə tez-tez görüşdüyünü, onların problemlərinin həllində, həyat şəraitlərinin yaxşılaşdırılmasında əməli kömək göstərdiyini qeyd ediblər. Əhali ilə görüşlər zamanı məcburi köçkünlər onlar üçün yaradılmış yaşayış şəraiti, sosial və mədəni obyektlərin, o cümlədən diaqnostika mərkəzinin, yeni xəstəxananın, olimpiya və muğam mərkəzlərinin, yeni məktəb və bağça binalarının və s. tikilib istifadəyə verilməsinə, yeni iş yerlərinin açılmasına, problemlərinin həllində göstərilən qayğı və diqqətə görə razılıqlarını, ölkə Prezidentinə və xanımına səmimi minnətdarlıqlarını bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB