2011-ci ilin Azərbaycanda "Turizm ili" elan olunduğunu nəzərə alaraq, səfirliyin təşəbbüsü və dəstəyi ilə Əlcəzair və Böyük Britaniya vətəndaşlığını daşıyan jurnalist və tədqiqatçı Fadela Börd tərəfindən Əlcəzairin və Şimali Afrika regionunun fransızdilli "Tourisme" jurnalında Azərbaycanın turizm imkanları və mədəniyyəti haqqında ətraflı məqalə dərc edilib.
Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı Səfirliyindən SİA-ya verilən xəbərə görə, bəlağətli üslub və bələdçi təsvirçiliyi ilə Azərbaycanda gördükləri barəsində ardıcıllıqla yazan F.Börd məqalədə Azərbaycana səfərinin Fəxri xiyaban və Şəhidlər xiyabanından başladığını qeyd edərək, "küləklər şəhəri" adlanan Bakıda müxtəlif tarixi dövrlərdə müasir tipli binaların tikilməsinə baxmayaraq, İçəri şəhər və Şirvanşahlar saray kompleksinin özünəməxsusluğunun qorunub saxlandığını oxucuların nəzərinə çatdırıb.
İçəri şəhəri və Şirvanşahlar sarayını ətraflı şəkildə təsvir edən və məğrur Qız Qalasının ziyarətçiləri suallara qərq etdiyini yazan F.Börd Miniatür kitab muzeyi, Qobustan arxeoloji qoruğu, Dövlət Xalça və Tətbiqi Sənət Muzeyində gördüklərindən heyranlıq keçirdiyini bildirərək, Azərbaycan hökumətinin milli irsin qorunması naminə muzeylərin yaradılması və bərpası istiqamətində gördüyü işlərin yüksək təqdirə layiq olduğunu vurğulayıb.
1912-ci ildə tikilmiş Bakı Dövlət Filarmoniyasının ecazkarlığından bəhs edən müəllif folklor musiqi konsertinin, qadın və kişi rəqqasların milli geyimlərinin və rəqslərinin onlarda yüksək təəssüratlar doğurduğunu qeyd edərək, folklor konsertini təqdim edən sənət ustalarının möhtəşəm istedad və qabiliyyətə malik olduqlarını oxucuların nəzərinə çatdırıb.
Çağdaş arxitektura üslubunda və incə zövqlə tikilmiş Müasir incəsənət muzeyinin sanki əllərini açaraq qonaqlara xoş gəlmisiniz dediyini yazan F.Börd burada gördükləri əsərlərdən və sərgi otaqlarının özünəməxsus dizayn üslubundan yüksək təəssüratlar əldə etdiklərini qeyd edərək, səfər çərçivəsində növbəti ziyarət məntəqəsi olan Nobel qardaşlarının evi və Atəşgah haqqında oxuculara ətraflı məlumat verib.
Qatarla Şəkiyə səfərin ayrıca bir macəra olduğunu yazan F.Börd səhər gözləri qarşısında açılan mənzərədən, xüsusilə yaşıl otlaqlar, dağlar və onların arasından keçən çayın yaratdığı təbii ahəngdən valeh olduqlarını qeyd edərək, Şəki şəhərinin zəngin tarixi irsi və mədəniyyətini peşəkar jurnalist və elmi-tədqiqatçı gözü ilə təsvir edib.
Müəllif məqalədə Qəbələ və Lahıcın da özünəməxsus gözəllikləri və tarixi-mədəni irsi barəsində ətraflı məlumat verərək, Bakıya qədər olan yol boyunca gördüyü təbii mənzərələri sevgi ilə təsvir edib.
Azərbaycana səfərin təəccüblü və maraqlı təəssüratlarla dolu olduğunu yazan müəllif "Biz Azərbaycanı sevdik" deyərək məqaləni bitirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB