Putin: “Təhlükəsizlik Şurasının qətnamələri səhv addımdır”

Putin: “Təhlükəsizlik Şurasının qətnamələri səhv addımdır”
Rusiya baş naziri ilə prezidenti Liviya məsələsində bir-birinə qarşı çıxıb. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, Rusiyanın baş naziri Vladimir Putin BMT Təhlükəsizlik Şurasının qətnamələrini "səhv addım" adlandırıb: " Təhlükəsizlik Şurasının qətnamələri, şübhəsiz ki, səhv addımdır. Əgər bu qətnamələrdə yazılanlara diqqətlə baxsanız, görərsiniz ki, onlar hər kəsə suveren bir dövlətə qarşı istənilən tədbiri görməyə icazə verir. Bu isə mənə orta əsrlər "Xaç yürüşləri"ni xatırladır, onda kimsə nəyisə azad etmək üçün başqalarını da həmin yerə çağırırdıb".

Rusiya prezidenti Dmitri Medvedev isə Liviyada hərbi əməliyyatlarda iştirak edəcəklərini istisna etməyib və Vladimir Putinin "Xaç yürüşləri" bənzətməsi ilə razı olmadığını bildirib: "Biz Liviyanın hava məkanının bağlanılmasına yönəlmiş heç bir əməliyyatlarda iştirak etməyəcəyik. Amma quruda keçirilən əməliyyatlarda iştirak edə bilərik, bunu istisna etmirəm. O ki, qaldı Liviyada baş verənlərə müxtəlif yanaşmalara, düşünürəm ki, hər kəs öz fikirlərində ehtiyatlı olmalıdır. Heç bir halda sivilizasiyaların toqquşmasına gətirib çıxaracaq "Xaç yürüşləri" kimi sözlərdən istifadə edilməməlidir, bu yolverilməzdir. Əks təqdirdə, hər şey bugünkündən də pis ola bilər", - deyə Medvedev bildirib.

Dmitri Medvedev, həmçinin vurğulayıb ki, Rusiya BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvu olaraq qətnamələrə veto qoymaq hüququndan istifadə etməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə