“Paşinyan erməni xalqının faciəsidir, Paşinyan əhəmiyyətsiz bir adamdır və Ermənistan üçün olduqca zərərlidir” - Sergey Kurqinyan
Ermənistanda anti-Paşinan dalğasının artması ilə yanaşı, həmin dalğanın artıq uzun müddətdir ki, bu ölkənin müttəfiqi hesab edilən Rusiyada da coşması faktı necə deyərlər, ortadadır. Daha dəqiq desək, buna əsas səbəblərdən biri və birincisi erməni baş nazirin istər müxalifətdə olduğu dövrlərdə anti-Rusiya siyasətinini elan etməsi, istərsə də, hakimiyyətə yiyələnməsindən sonra Kremli qıcıqlandıran siyasət aparmasıdır. Əbəs deyil ki, Nikol dəfələrlə Rusiyanın çətiri alltında baş tuan müxtəlif tədbirlərdə ölkə rəhbəri kimi deyil, oyuncaq kimi ələ salınıb, ümumiyyətlə, ciddi siyasi fiqur olaraq qəbul olunmayıb. Bütün bunlar öz yerində...
“Onun taleyini Ermənistan vətəndaşları həll etməlidirlər”
Lakin bu məsələdə daha bir amil ondan ibarətdir ki, artıq rəsmi Moskvanın məsləhətləşdiyi politoloqlar ard-arda Nikol Paşinyana qarşı hücumlara start veriblər və bütün bunlardan belə nəticə hasil etmək mümkündür ki, artıq Kremlin dəhlizlərində onun qələmi qırılıb. Buna misal olaraq, erməni mənşəli rusiyalı politoloq Sergey Kurqinyanın erməni xalqını Nikol Paşinyanı devirməyə çağırış etməsini göstərmək olar. O, bu çağırışını belə əsaslandırıb ki, əgər Nikol kürsüsündən atılmasa, Dağlıq Qarabağ itiriləcək. Söz yox ki, Kurginyanın belə bir fikirlə çıxış etməsinin əsasında müəyyən təlimatlar da dayanıb və Kremlin əsas məqsədinin erməni baş naziri düvirməkdən ibarətdir. Ona görə də, Kurginyana belə tapşırıq verilib ki, o həssas məsələ olan Qarabağ ətrafında siyasi mülahizələr yürütsün və bununla erməni ictimai rəyini Paşinyana qarşı qaldırsın. “Mənim üçün cənab Paşinyan erməni xalqının faciəsidir, mənim fikrimcə, Paşinyan əhəmiyyətsiz bir adamdır və Ermənistan üçün olduqca zərərlidir. Erməni xalqının onu necə seçməsi mənim üçün dərin bir sirrdir”, deyən erməni mənşəli rusiyalı politoloq çıxışını bu cür davam edib ki, Paşinyan boşluqdur, amma onu seçiblər: “Mənim üçün Paşinyan elə iyrəncdir ki... Ancaq bu mənim fikrimdir. Onun taleyini Ermənistan vətəndaşları həll etməlidirlər”.
“Ermənistan fantastik bir variantda NATO-ya üzv olarsa, görüləcək ilk iş Qarabağın Azərbaycana qaytarılması olacaq”
Beləliklə, Ermənistanda anti-Rusiya ab-havasının dəyişdirilməsi vacibliyini önə sürən Kurginyan bu ölkənin Rusiya ilə bir yerdə olmaqdan başqa çarəsinin olmadığını da deyib və belə bir sual ünvanlayıb: “Ermənistan kimə ümid edir? Amerikaya? 1980-ci illərin sonlarına olan bu ümid hələ də yaşayır?” Bu, dəhşətli - erməni xalqı üçün dərin dağıdıcı və Qarabağ üçün tamamilə ölümcül bir ümiddir. Əgər bütün baş verənlərin yekununda Ermənistan fantastik bir variantda NATO-ya üzv olarsa, görüləcək ilk iş Qarabağın Azərbaycana qaytarılması olacaq. Çünki Azərbaycan da NATO-ya üzv olacaq, ona görə ki, Zaqafqaziya heç kimə hissə-hissə lazım deyil. Ermənistanın mövcud ola biləcəyi yeganə yer Rusiya imperiya meydanıdır”.
Sergey Kurqinyan bir daha Nikol Paşinyanın mütləq devrilməsi vacibliyini həm də belə izah edib ki, əslində qiyam, üsyan, inqilaba da ehtiyac yoxdur. Sadəcə, erməni xalqının yeganə vəzifəsi Paşinyanı konstitusiya yolu ilə devirmək və Ermənistanı ermənilərin milli maraqlarına cavab verən düzgün yola qaytarmaqdır. “Ermənistanın rusiyayönlülükdən başqa kursu yoxdur. Belə bir seçim erməni xalqının özünü qoruması və harasa hərəkət etməsi üçün həyati əhəmiyyət daşıyır. Ancaq bu Qarabağ üçün min qat daha vacibdir, hansı ki, Paşinyançılığın ilk qurbanı olacaq…”.
“Ya erməni xalqı ağlını başına yığacaq və cənab Paşinyan erməni siyasətçisi kimi mövcud olmayacaq, ya da o, ağlını başına yığmayacaq”
Yeri gəlmişkən, daha bir maraqlı fakt budur ki, erməni siyasi analitiki bir müddət əvvəl 1988-ci il Sumqayıt hadisələri ilə bağlı hay-küylü bəyanatla çıxış edərkən, sumqayıtlı ermənilərin azərbaycanlılar tərəfindən qətlə yetirilmədiyini bildirmişdi. O, belə bir çıxış edərək demişdi ki, erməniləri SSRİ rəhbərliyinin göstərişi ilə xarici ölkələrdən gətirilmiş muzdlular öldürüb. Kurginyan hətta SSR-nin dağılmasında da əsas günahkarın Ermənistan olduğunu iddia edib.
Rusiyalı erməni politoloq həm də hesab edir ki, erməni xalqı sabiq prezident Robert Koçaryana görə mübarizəyə qalxmalıdır. Belə ki, onun həbsxanada saxlanılması faktı Rusiyaya oxunan meydandır və Rusiya gec, ya da tez buna görə Ermənistanı əzəcək. Eyni zamanda, Koçaryanın azadlığa buraxılması üçün müraciət imzalanması mənasızlıqdır: “Robert Koçaryan həbsxanaya şüurlu şəkildə getdi, Ermənistana ora girmək üçün gəldi. O, Paşinyan rejiminin qurbanı deyil, erməni siyasətinin subyektidir. Özünün insan kimi seçimini, hansı ki, mən sonsuz hörmət edirəm, etmiş subyekt".
O vurğulayıb ki, buna görə, Koçaryanın əfv olunmasından və ya cəzasının yüngülləşdirilməsindən söhbət gedə bilməz, bu məsələnin yanlış qoyuluşudur: “Söhbət başqa şeydən gedə bilər: ya erməni xalqı ağlını başına yığacaq və cənab Paşinyan erməni siyasətçisi kimi mövcud olmayacaq, ya da o, ağlını başına yığmayacaq”.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB