Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 4-cü ildönümü qeyd edilib- FOTOSLAYD

Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 4-cü ildönümü qeyd edilib- FOTOSLAYD
Bu gün Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 4-cü ildönümü, 19 Mart miqrasiya orqanları işçilərinin peşə bayramı günü münasibəti ilə təntənəli mərasim keçirilib. SİA-nın məlumatına görə, mərasimdən əvvəl Dövlət Miqrasiya Xidmətinin rəhbəri Arzu Rəhimov və qurumun işçi heyəti Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyev və akademik Zərifə Əliyevanın məzarını ziyarət edib, onların məzarları önünə əklil dəstələri qoyublar. Fəxri Xiyabandan sonra isə işçi heyəti və rəhbərlik Şəhidlər Xiyabanını ziyarət ediblər.

Ziyarətdən sonra Miqrasiya Xidmətinin binasında təntənəli mərasim təşkil edilib. Mərasimdə çıxış edən qurumun rəhbəri Arzu Rəhimov bildirib ki, son illərdə Azərbaycanda sürətli sosial- iqtisadi inkişafın təmin edilməsi, enerji- nəqliyyat sahələrində beynəlxalq kommunikasiyaların genişlənməsi, eyni zamanda, ölkəmizin geosiyasi mövqeyi miqrasiya proseslərinin daha da intensivləşməsinə gətirib çıxarır: "Bununla yanaşı, ölkəmizin bir sıra dövlətlərlə vizasız gediş- gəliş rejiminin mövcud olması nəticəsində respublikamızın ərazisindən tranzit qaydada keçən və ya qısa müddətə gələn, üçüncü dövlətlərə getməyə cəhd edən, yaxud qanuni əsaslar olmadan yaşamağa cəhd göstərən əcnəbilərin sayı getdikcə artıb".

A. Rəhimov onu da bildirib ki, Dövlət Miqrasiya Xidməti bu gün ölkə ərazisində olan, habelə müvəqqəti və daimi yaşayan əcnəbilərin ölkəmizin qanunvericiliyinin tələblərinə riayət etmələrinə nəzarət edir.

Tədbirdə həmçinin prezident İlham Əliyevin sərəncamı ilə qurumun işçi heyətlərinə fərqlənmə diplomları və medalları təqdim olunub.

Qeyd edək ki, mərasimin rəsmi hissəsindən sonra incəsənət ustaları- İlqar Muradov, Eyyub Yaqubov, Sevda Yəhyayeva və başqaları öz ifaları ilə Dövlət Miqrasiya Xidmətinin işçilərini təbrik ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə