Şəmsəddin Hacıyev: “Ölkədə test sistemi çox obyektiv və şəffaf qaydada həyata keçirilir” - MÜNASİBƏT

Şəmsəddin Hacıyev: “Ölkədə test sistemi çox obyektiv və şəffaf qaydada həyata keçirilir” - MÜNASİBƏT
Ölkədə test sistemi çox obyektiv və şəffaf qaydada həyata keçirilir. Bu barədə SİA-ya açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Azərbaycan Dövlət İqtisad Unversitetinin rektoru Şəmsəddin Hacıyev deyib. O bildirib ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən hər il bu proses təkmilləşdirilir. Millət vəkilinin sözlərinə görə, qəbul olunan tələbələrin səviyyəsi də göstərir ki, doğrudan da qəbul prosesi obyektiv qaydada təşkil olunur.

Ş.Hacıyev hər il Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə Təhsil Nazirliyinin nəticələrinin uyğun gəlməməsi məsələsinə də münasibət bildirib. O qeyd edib ki, bu normaldır, orta məktəbi bitirən tələbələrin heç də hamısı universitetlərə qəbul ola bilməz: "Dünyanın heç bir ölkəsində belə praktika yoxdur. Amma qəbul olan tələbələrin səviyyəsi olduqca yüksəkdir. Məsələn, bu il birinci, ikinci kursların əldə etdikləri nəticələr göstərir ki, doğrudan da ən savadlı tələbələr seçilərək ali məktəblərə qəbul olunublar".

Bütün xəbərlər Facebook səhifəmizdə