Elmar Məmmədyarov Sudan səfirini qəbul edib FOTO

Elmar Məmmədyarov Sudan səfirini qəbul edib FOTO

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Sudan Respublikasının Azərbaycan Respublikasındakı səfiri Abbas Mustafa Əhməd Abdallanı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib. SİA-nın verdiyi məlumata görə, görüşdə tərəflər Azərbaycan və Sudan arasında mövcud olan əməkdaşlıq münasibətləri üzrə fikir mübadiləsi aparıblar.

Səfir Abbas Abdalla, Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə Görüşü çərçivəsində Sudanın Suveren Keçid Şurasının Sədri Abdel Fattah Abdelrahman Al-Burhanın Prezident İlham Əliyevlə keçirdiyi görüşü məmnunluqla xatırlayaraq, bu görüşün Sudan-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfə verdiyini qeyd edib.

Nazir Elmar Məmmədyarov öz növbəsində Azərbaycanın Sudanla, o cümlədən Qoşulmama Hərəkatına üzv dövlətlərlə əməkdaşlığa mühüm əhəmiyyət verdiyini bildirib, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləməsinin vacibliyini vurğulayıb.

Sonra səfir Abbas Abdalla Azərbaycanda diplomatik fəaliyyətinin uğurla həyata keçirilməsində ona göstərilən dəstəyə görə təşəkkürünü ifadə edib.

Nazir Elmar Məmmədyarov səfir Abbas Abdallanın ikitərəfli münasibətlərin inkişafı istiqamətindəki səylərini yüksək qiymətləndirib və ona gələcək fəaliyyətində uğurlar arzu edib.

Tərəflər arasında, həmçinin qarşılıqlı maraq doğuran regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə